Təxribatçı isveçlilərə TARİXİ CAVAB: "Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycandır"
"Qarabağ" sabah UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə "Hekken"in qonağı olacaq.
Mediasport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov İsveç klubu ilə matçdan öncə keçirilən mətbuat konfransında görüşlə bağlı düşüncələrini bölüşüb.
"Hər iki komanda üçün çox vacib oyundur. Bəlkə də ilk oyundakı 0:4 hesablı məğlubiyyət hamıda başqa fikir formalaşdırıb. Ancaq rəqibin oyunlarını yaxından analiz etdik. Özünəməxsus oyun üslubu var. Topa yaxşı yiyələnirlər. Bu komandaya qarşı diqqət olunmalıdır. Futbolçularım ən yaxşısını etməyə çalışacaqlar".
Minlərlə insan Qarabağdan köçürlər. Bu, kluba necə təsir etdi?
- Ətraflı məlumat verməyə ehtiyac yoxdur. Hamının bu olaydan xəbəri var, olub. Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Digər ölkənin nümayəndələri orada yerləşmişdi. Amma bu gün onlar öz doğma ölkələrinə gedirlər. Bizim öz azərbaycanlılarımız isə 30 ildən sonra doğma torpaqlarına qayıdırlar. Bizimkilər çox gözəl şəkildə digər ölkənin nümayəndələrini yola salırlar. Hamı görür ki, nə köməklik lazımdırsa, edirlər. Onlar üçün çox rahat şərait yaradılıb və onlar öz ölkələrinə gedirlər. Bizim öz torpaqlarımızın geri qayıtmasına gəlincə, hamı bilir ki, biz Azərbaycanı təmsil edirik. Özümüzü oyunlarda rahat və yaxşı hiss edirik. Gözümüz, fikrimiz orada deyil. Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycandır.
Avrokuboklarda məqsədiniz nədir?
- Böyük təcrübəyə malikik. Neçə illərdir ki, Avropa Liqanın qrup mərhələsində oynayırıq. Məqsədimiz daha yaxşı olmaq, daha çox inkişaf etməkdir. Klub olaraq bunu çox istəyirik. Sadəcə, bəzən hər şeyə real baxmalıyıq. Bəzən şanslarımız böyük olsa da, bundan istifadə edə bilməmişik. Şanslarımız az olan vaxtı isə bundan yararlanmışıq. Məqsədimiz minimum stabilliyi qoruyub-saxlamaq və gələcəkdə şərtlərə görə daha yaxşı, daha uğurlu nəticə əldə etməkdir.
Necə oldu ki, uğurlu nəticələr əldə etdiz? Bunun arxasında nə dayanır?
- Böyük ehtimal ki, işgüzarlıq və rəhbərliyin bu klubu qoruyub-saxlaması. Qarabağ adı bizim üçün çox önəmlidir. Əlimizdə olan şərtlərlə qorumağa çalışdıq. Məncə, iş saatımız çox oldu və klub olaraq çox əziyyət çəkirdi. Şükür Allaha, bu gün əziyyətimizin bəhrəsini görürük. Klub olaraq, öz işimizi, peşəmizi çox sevirik. Bu işə çox hörmətlə yanaşırıq. Uğurun açarı da bundandır. Amma bu o demək deyil ki, biz böyük uğur əldə etmişik. İşimizdən həm razıyıq, həm də narazı. Razıyıq ki, minimum stabilliyi qoruyub-saxlaya bilmişik. Narazıyıq ona görə ki, irəli getmək üçün şanslarımız olub, amma bəzən bizdən asılı olmayan reallıqlar baş verib və bunu bunu bacarmamışıq. Bəlkə də daha yaxşı nəticə əldə etmək olardı.
Bu mövsümkü hədəf nədir?
- Dəfələrlə demişəm ki, qarşımızda elə hədəf yoxdur ki, mütləq qrupdan çıxmalıyıq və ya 1/8 finala kimi getməliyik. Amma hansı turnirdə iştirak ediriksə, həmin turnirdə ən yaxşısı olmağa çalışırıq.
"Qarabağ" uğuru ilə Qarabağ həqiqətlərini həmişə dünyaya çatdırıb. Hər zaman avrokubok oyununuzda təxribat baş verə bilər. Bu yaxınlarda Avropa mətbuatında da sabahkı matçda təxribat baş verə biləcəyi haqda xəbər çıxmışdı. Komanda ilə bu haqda danışmısız?
- Bəli, belə hallar olub. Dəfələrlə bunun şahidi olmuşuq. Futbolçularla daim bu haqda söhbətimiz olur. Çünki biz Azərbaycanı təmsil edirik və çalışmışıq ki, özümüzü klub kimi intizamlı aparaq. Bu o demək deyil ki, kimdənsə qorxuruq, çəkinirik. Sadəcə, çalışmışıq ki, özümüzü idman prinsiplərinə uyğun aparaq və ölkəmizi layiqincə təmsil edək. Burada tək oyunumuz deyil, meydanda və meydandan kənardakı davranışımız da çox vacibdir. İstənilən təxribata öz reaksiyamızı göstərmişik. Bunu da çox intizamlı formada etmişik. Təxribatlara ancaq qorxaqlıq kimi baxıram. Bizim üçün bunun önəmi yoxdur. Sadəcə, reaksiya verməli deyilik. Amma lazım olanda reaksiya da veririk.
"Hekken"lə iki matçda dörd xal sizi razı salacaq?
- Hədəfimiz ilk olaraq odur ki, oyun intizamımızı qoruyub-saxlayaq. Belə olduqda nəticə mütləq gələcək. Bu cür turnirlərdə bəzən düşünmədiyin nəticələr olur. Rəqib də düşünmədiyin oyunu qurur. "Hekken"ə öz oyununu oynamağa imkan verməməyi planlaşdırırıq. Onda yaxşı nəticə əldə edə bilərik. Çox istəyərdik ki, üç xal qazanaq. Amma bu oyunda bir xal da bizə sərf edəcək. İstənilən halda qrupun sonunda bilinəcək ki, bu matçda bir, yoxsa üç xal sərfəli olardı. Ona görə deyə bilməyəcəm ki, bizə tam olaraq üç, ya bir xal lazımdır. Biz çox istəyirik ki, burada yaxşı oyun göstərək, mübarizə aparaq.
Marko Veşoviçi nə vaxt heyətdə görəcəyik?
- Hələ ki, komandaya qoşulmayıb, fərdi məşqlərə başlayıb. Meydanlara qayıtması xeyli vaxt alacaq. Böyük ehtimalla, bir ay olmayacaq.