"Azərbaycanlı və ya bosniyalı oyunçuları niyə ayırırsız?" - MUSAYEV

"Azərbaycanlı və ya bosniyalı oyunçuları niyə ayırırsız?" - MUSAYEV

"Çətin qələbə oldu. Heyətdə bir çox dəyişikliklər etmişdik. Əksər əsas oyunçularımızın xidmətindən istifadə yararlana bilmədik. Son oyunlarda əsas rəqiblərimizlə qarşılaşmışdıq. Şadam ki, meydanda yaxşı intizamı olan komanda var idi. Altı qələbəmiz olsa da, biz arxayınlaşmadıq. Bu oyunda iştirak edə bilməyən futbolçuları əvəz edə bildik. Bu qələbə mənim üçün çox dəyərlidi".

mediasport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 13-cü turunun "Səbail"lə səfər oyunundan sonra "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.

"Neftçi" bu tur vacib xallar itirdi. Demək olar ki, çempionluq mübarizəsində iki komanda qalıb?
- Hələ az oyun oynamışıq. Futbol ona görə maraqlıdır ki, hər şey tez bir zamanda dəyişə bilər. Çempionluq mübarizəsindən danışmağa ehtiyac yoxdu. Yalnız növbəti oyun barədə fikirləşməliyik.

Ot örtüyü yenilənib, sizi qane etdi?
- Köhnə qazonun dəyişdirilməsi yaxşı haldı. Hardasa 20 dəqiqə ot örtüyünə adaptasiya olduq. Çünki təbii örtüklü meydanda oynamağa öyrəşmişik. Sağ cinahdan hücumlarımız oldu, sol cinahımız o qədər də aktiv deyildi. Azərbaycan cənub ölkəsidi, istəyərdik ki, burada bütün meydançalar təbii örtüklü olsun. Amma hər klubun da öz büdcəsindən və imkanlarından asılıdı.

Növbəti turda rəqibiniz "Qarabağ" olacaq, düşüncələriniz maraqlıdı.
"Qarabağ" Avropa səviyyəsində olan komandadır. Böyük oyun olacaq. Məncə, çox azarkeş gələcək. Belə oyunlar üçün işləyirik, məşq edirik. Çox çətin olacaq. Amma rahat olub özümüzə inanmalıyıq.

Boyan Letiç yerli gənc futbolçulara tez-tez qışqırırdı...
- Azərbaycanlı və ya bosniyalı oyunçu olmaqlarını niyə ayırırsız? Futbolçuların meydanda bir-birinə qışqırması normaldır. Yerli və ya xarici futbolçuları ayırmazdım. Oyunun gedişində emosiyalar olur, matçdan sonra isə əllərini sıxıb, qucaqlaşıb paltardəyişmə otağına yollanırlar.

"Sabah"ın bütün rəhbərliyi "Qarabağ" - "Frayburq" görüşünü izləyirdi. Həmin oyundan sonra rəhbərlik sizdən "Qarabağ"la qarşıdakı matçdan nə tələb edir, danışmısız ümumiyyətlə?
- Xeyr, bu haqda danışığımız olmayıb.

- Komandanın bəzi yerli futbolçularının "Qarabağ"ın maraq dairəsində olduğu xəbərləri dolaşır. Bu sizi narahat edir?
- Bunlar şayiələrdir. Ona görə şərh verə bilmərəm. Konkret təkliflər olsaydı, rəhbərlik bu barədə mənə məlumat verərdi. Dediyim kimi, şayiələrə şərh verməyi mənasız görürəm.