Çempionatlarımız tarixində ən çox avtoqol vuran 8 futbolçudan biri oldu
Şamaxı”nın müdafiəçisi Adil Nağıyev Premyer Liqanın 2022/2023-cü illər mövsümünün ilk avtoqolunun müəllifi olub.
mediasport.az xəbər verir ki, o, 10-cu turun “Qəbələ” ilə ev oyununda (1:1) öz qapısına qol vurmaqla Azərbaycan çempionatları tarixinin antirekordunu təkrarlayıb.
Adil Premyer Liqada 3-cü avtoqoluna imza atıb. Onun əvvəlki iki uğursuzluğu “Zirə”də çıxış etdiyi 2018/2019-cu illər mövsümünə təsadüf edib. Nağıyev 2018-ci il sentyabrın 30-da “Sumqayıt”, 21 gün sonra “Keşlə” (indiki “Şamaxı”) ilə qarşılaşmada “fərqlənib”.
Dörd ildən sonra yenə öz qapısına qol vuran Adil Azərbaycan çempionatları tarixində ən çox avtoqol edən oyunçular sırasında qoşulub. O, üç belə üzüntü yaşayan 8-ci futbolçudur.
Nağıyevə qədər Denis Silva, Jayro Rodriges, Ayxan Abbasov, Saşa Yunisoğlu, Natiq Qasımov, həmçinin karyerasını hələ də Premyer Liqada davam etdirən Bədavi Hüseynov və Ruslan Abışov da üç avtoqol müəllifidir.
Daha 17 oyunçu birdən artıq - hərəyə iki avtoqola üzülüb.