"Belə olan halda uğurlu nəticədən söhbət gedə bilməz" - SADIQOV

 "Belə olan halda uğurlu nəticədən söhbət gedə bilməz" - SADIQOV

"Qələbə münasibətilə rəqibi təbrik edirəm. Azər Bağırov qısa müddət ərzində çox əzmkar, yaxşı komanda formalaşdırıb. Gələcək oyunlarda onlara uğurlar arzulayıram".

Mediasport.az xəbər verir ki, bu sözlər Premyer Liqanın 8-ci turunda "Araz-Naxçıvan"a uduzan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova məxsusdur.

Mütəxəssis debütant komandaya qarşı oyun haqda fikirlərini bölüşüb, 0:1 hesablı məğlubiyyəti şərh edib.

- İlk hissə çox sönük keçdi. Rəqib pressinq edirdi, biz isə ondan çıxmağa çalışırdıq. Qapılar ağzında demək olar ki, hansısa təhlükəli epizod yaranmırdı. İkinci yarıya daha fəal başladıq, oyunumuzu daha da yaxşılaşdırdıq. 100 faizli qol epizodları olmasa da, uzaq məsafələrdən yaxşı zərbələrimiz var idi. Azca dəqiqlik çatmadı. Abdulla Rzayev hücuma qoşuldu və oyunçularımız birəbir mübarizələri uduzdu. Belə olan halda uğurlu nəticədən söhbət gedə bilməz. Daha dəqiq və daha etibarlı oynamalıyıq. "Araz-Naxçıvan" əzmkar qələbə qazandı".

Hücumda kreativlik, yaradıcılıq və son nöqtəni qoymaq çatışmadı. Bunun səbəbi nədir?

- Hücum xəttindəki problemlər bu günün problemi deyil. Mövsüm başlayandan bu problem açıq-aşkar hiss olunur. Hücumda keyfiyyətimiz çatmır. Hansısa futbolçunun oyunu öz üzərinə götürməsi də çatışmır. Səkkiz tur ərzində bir çox futbolçumuz nə qol vurub, nə məhsuldart ötürmə edib. Təbii ki, uğurlu nəticə əldə etmək istəyirsənsə, bunlar vacib məqamlardır. Belə olan halda istər-istəməz uğurlu nəticədən danışmaq çox çətindir. Bu gün hücum xəttində passiv oynadıq. Təhlükəli vəziyyətlərimiz oldu, amma onlar daha çox standart vəziyyətlərdən idi. Oyunun özündən hansısa uğurlu hücum, təhlükəli vəziyyət haqda danışa bilmərik. Çoxsaylı yersiz top itkilərimiz oldu. Bu da sonda oyunun ümumi gedişatına təsir etdi.

İki oyundur qələbə qazana bilmirsiz. Rəqiblər toparlanmağa başlayıb, yoxsa "Zirə"nin oyunundan eniş yaşanır?

- Son oyunda bir xal qazanmışdıq. Yaxşı formada olan "Neftçi"yə qarşı qalib gəlmək həmişə çətindir. "Araz-Naxçıvan"la matçda qalib gəlmək istəyirdik. Ancaq rəqibimiz də evdə "Qəbələ" və "Neftçi"ni məğlub etmişdi. Çox uğurlu nəticələr əldə edirlər. "Səbail"ə uduzsalar da, qələbəyə daha yaxın idilər. Bilirdik ki, bu gün bizə qarşı yüksək motivasiya ilə oynayacaqlar. Oyun planı cızdıq, istəyirdik ki, uğurlu nəticə əldə edək. Amma rəqib daha uğurlu oldu və layiqli qələbə qazandı.