Rəşad Sadıqov Bakı Olimpiya Stadionunda uşaqlarla görüşdü
20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində uşaqlar üçün futbol üzrə tədbir təşkil olunub.
mediasport.az xəbər verir ki, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə icra edilən 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində həssas əhali qrupuna aid uşaqlar üçün “Hüquqlarımız üçün oynayırıq” şüarı ilə futbol tədbiri keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə əməkdaşlıq əsasında baş tutan tədbirdə Kütləvi Futbol Departamentinin rəhbəri veteran futbolçu Fərrux İsmayılov, Futbol və Sosial məsuliyyət üzrə menecer Kifayət Mustafayeva, “Neftçi” futbol klubunun üzvləri Aqil Məmmədov, Rəhman Hacıyev, veteran futbolçu Vaqif Cavadov və aparıcı müsiqiçi Vüqar Bəxtiyar iştirak edib.
İlk olaraq Bakı Olimpiya Stadionuna səfər edən 11-13 yaşarası uşaqlara stadion turu təşkil olunub və veteran futbolçular uşaqların onlara ünvanlanan suallarını cavablandırıblar. Tur çərçivəsində uşaqlar üçün “Zirə” FK-nın baş məşqçisi Rəşad Sadıqovla, oyunçularla görüş təşkil olunub və xatirə şəkili çəkdirilib.
Sonda uşaqlara “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən hədiyyə paketləri və toplar təqdim edilib.
Kampaniya uşaq hüquqlarını təşviq etmək, bu istiqamətdə müxtəlif məzmunlu maarifləndirmə işi aparmaq, eyni zamanda uşaqların bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına töhfə vermək məqsədi daşıyır.