"Hələ yolun əvvəlindəyik, qarşıya qoyulan məqsədə çatmalıyıq"
“Çox vacib oyun idi. Qələbə qazanıb mərhələ keçdiyimiz üçün sevinirəm. Növbəti oyuna hazırlaşmaq üçün vaxtımız olacaq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın hücumçusu Olavio Juninyo deyib.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Linkoln"la (Cəbəllütariq) cavab görüşündə het-trik edən braziliyalı forvard komandaya maksimum xeyir verməyə çalışdığını bildirib:
"Komandam üçün daha çox faydalı olmaq istəyirəm. İlk hədəfim budur. Qollarımı sonra düşünmək olar. Təbii ki, fərqləndiyim, bir oyunda 3 qol vurduğum üçün şadam. Azarkeşlərə də gəlib bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Onlar Avropa yarışlarında bizi heç vaxt tək buraxmırlar. İnanıram ki, yerli çempionatda da stadionda bu qədər azarkeş görə biləcəyik. Hələ yolun əvvəlindəyik. Oyundan-oyuna artırmaq, qarşıya qoyulan məqsədə çatmalıyıq".
Xatırladaq ki, cavab matçında qeydə alınan 5:0 hesablı qələbədə 3 dəfə fərqlənən Juninyo cütün Cəbəllütariqdə keçirilmiş ilk duelində də qol vurmuşdu.
"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ludoqores" (Bolqarıstan) - "Dinamo" (Minsk, belarus) cütünün qalibi ilə qarşılaşacaq.