Valeri Qazzayev Berezutskinin "Sabah"a təyinatını dəyərləndirdi
Rusiya milli komandasının keçmiş baş məşqçisi Valeri Qazzayev vaxtilə rəhbərliyi altında oynamış Vasili Berezutskinin "Sabah"a baş məşqçi təyin edilməsinə münasibət bildirib.
Mediasport.az xəbər verir ki, 70 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında ÇSKA-dan yaxşı tanıdığı Vasilinin Azərbaycan klubu üçün uğurlu olacağını deyib.
O, 42 yaşlı Berezutskinin həm də böyük məsuliyyət daşıyacağını qeyd edib:
"Vasili ÇSKA-da Viktor Qonçarenkonun köməkçisi olub, Çində Leonid Slutski ilə birlikdə işləyib. Fikrimcə, kifayət qədər təcrübə toplayıb.
Köməkçi olmaq başqa şeydir, nəticəyə, oyun keyfiyyətinə cavab vermək başqa. İndi Vasilini sərbəst iş gözləyir, artıq məsuliyyətli məqam yetişib. Ümid edirəm ki, uğurlu alınacaq".
Xatırladaq ki, bu həftə xorvatiyalı Krunoslav Renduliçi istefaya gönrədən "bayquşlar" rusiyalı məşqçi ilə 2,5 illik müqavilə bağlayıblar.