"Qarabağ" sözünün mənası xüsusi əhəmiyyət daşıyır" - Yassin Benzia
"Mənim üçün xüsusi matç olacaq. Keçmiş klubuma qarşı oynayacağam. O vaxt çıxış etdiyim "Lion"la indiki arasında çox böyük fərq var. Klubun prezidenti də dəyişib”.
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Yassin Benzia deyib.
Əlcəzair əsilli fransalı futbolçu UEFA Avropa Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində sabah Bakıda "Lion"la (Fransa) baş tutacaq qarşılaşmadan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Fransa təmsilçisinin yetirməsi və 2011-15-ci illərdə "şirlər"in formasını geyinmiş Benzia sabiq komandasına qarşı bacardıqlarını edəcəklərini bildirib.
O, Azərbaycanda xoşbəxt olduğunu diqqətə çatdırıb:
"Bizim üçün "Qarabağ" sözünün mənası xüsusi əhəmiyyət daşıyır. Bu klubun formasını geyinmək, şərəfini qorumağa çalışırıq. Burada özümü çox yaxşı hiss edirəm. Komandada ailə ortamı, ailə münasibəti var. Azərbaycanda olacağım müddətdə belə də davam edəcək. Sabah yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Bugünkü "Lion" da kifayət qədər uğurlu nəticələrə imza atır. Lakin əvvəlki "Lion" başqa idi".
Xatırladaq ki, matç sabah saat 21:45-də start götürəcək.