"İstənilən böyük klubda belə söz-söhbətlər gəzir" - Qurban Qurbanov
"Çox keyfiyyətli komandaya qarşı oynayacağıq. Oyun sistemi olaraq, fərdi oyunçuların bacarığı olaraq belədir. Bizim üçün vacib matçdır. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, sabahkı matçda diqqətli olaq. Bu, çox vacibdir. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək, uğurlu nəticə əldə edək".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis UEFA Avropa Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində sabah keçiriləcək "Lion"la matçdan öncə təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşüb.
O, Fransa klubunun çox ciddi rəqib olduğunu deyib. Daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Marko Veşoviç və Mateuş Silvanın hazırlığı imkan verir ki, sabah ilk dəqiqələrdən meydanda olsunlar?
- Pis deyillər. Hər iki futbolçunun hazırlığı yaxşı səviyyədədir. Bu gün və sabah tam qəti qərar verəcəyik ki, onlar əsas heyətdə olacaq, ya yox. Ümumi hazırlıqlarından bu günə razıyam.
Rəqibiniz hazırda maddi və mənəvi problem yaşayır. Bu, sizin qələbə qazanmaq üçün şanslarınızı artırır?
- Heyətləri ilə maraqlanmışıq. Oyunlarına da baxmışıq, təhlil etmişik. Öz heyətimiz də bəllidir. Kimin meydanda olması bəllidir. Sadəcə, 1-2 sual doğuran mövqe var. Rəqibə gəldikdə, böhran oldu və ya olmadı, biz qələbə üçün hazırlaşırıq. İstənilən rəqibə qarşı belədir. Bunlar hamısı söz-söhbətlərdir. Belə böyük klubların maliyyə böhranını yoluna qoymaq üçün ciddi problem görmürəm. Hər il istənilən böyük klubda belə söz-söhbətlər gəzir. Belə hallarda onlar 1-2 oyunçusunu başqa kluba satır, problemi həll edirlər. Oyunçularının dəyəri yüksəkdir. Matça bu fikirlərlə yanaşmaq bizlər, sizlər üçün doğru olmaz. Məğlub olanda da fikirlər olur ki, belə problemi olan kluba qalib gələ bilmədilər. "Lion" illərin klubudur. Belə problemlər, sadəcə, söz-söhbətlərdir.
Hansısa xüsusi gedişiniz, planınız olacaq? Yoxsa digər oyunlara necə hazırlaşmısınızsa, bu oyuna da eyni yanaşma olacaq?
- Biz həmişə çalışmışıq ki, öz oyunumuzu yaxşılaşdıraq. Həm məşqdə, həm də oyunda. İlk silahımız bu olmalıdır. Öz bacardığımızı daha keyfiyyətli şəkildə yerinə yetirək. Amma istənilən rəqibin üstün cəhətlərinin qarşısını almalıyıq. Hər komandanın üstün cəhətləri var. Sadəcə bir neçə detal, element var ki, digər rəqiblərə qarşı necədirsə, bu rəqibə qarşı da o detallarda diqqətli olmalıyıq. Hər matçda oyunun gedişində 1-2 dəyişiklik olur. "Lion"un üstün keyfiyyətini nəzərə alaraq, detallara fikir verməliyik. Hücum planımızda da çox yox, 1-2 əlavə düşüncələr olacaq. Həyata keçəcək ya yox, oyunun gedişatından asılıdır. Hazırlığın çox hissəsini öz oyunumuzun, düşüncələrimizin üzərində qururuq.
"Lion"u hansı xüsusi keyfiyyətlərə görə təəccübləndirəcəksiniz?
- Bir rəqib haqda çox məlumat verməyi xoşlamıram. Sadəcə futbolçularıma məlumat verirəm. Bayaq dedim ki, çox keyfiyyətli komandaya qarşı oynayacağıq. Bizim ən böyük gücümüz kollektiv oyuna üstünlük verməyimizdir. Həm hücumda, həm də müdafiə xəttində belədir. Çünki bu gün komponentlərə baxsaq, "Lion" bizdən üstün görünür. Daha yaxşı liqada oynayır, daha böyük klubdur. Amma bizim Avropada böyük təcrübəmiz var. Bundan istifadə edərək, belə komandalara qarşı düzgün oynamağa çalışmışıq. Kollektiv şəkildə çalışacağıq ki, lazım olan nəticə üçün meydanda ən doğrusunu edək.