"Komandamın "Zirə" ilə oyundakı əzmkarlığı bizi sevindirir"
"Milli komandalara görə yaranan fasilədən maksimum istifadə etməyə çalışdıq. "Araz-Naxçıvan"la yoxlama matçında qüvvəmizi sınadıq. Komandada ümumi ab-hava qaydasındadır. "Turan Tovuz"la oyuna hazırlaşırıq. Təkcə Abu Akal məşqlərdə iştirak etmir".
Bunu Mediasport.az saytına açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Son Azərbaycan Kubokunun qalibi komandanın qarşıdakı turlarda uğurlu trayektoriya cızacağına inandığını bildirib: "Mövsümə yaxşı başlamasaq da, komandanın "Zirə" ilə qarşılaşmadakı əzmkarlığı bizi sevindirir. Ümid edirəm ki, davamını gətirəcəyik. Çempionatda bütün rəqiblərə qarşı oyunlar çətin alınır. Bütün komandalara maksimum diqqətlə yanaşmalısan ki, istədiyin nəticəni əldə edə biləsən. Vəziyyəti yaxşıya doğru düzəldəcəyimizə inanıram".
Qeyd edək ki, "Qəbələ" Premyer Liqada ardıcıl 4 matçda məğlub olduqdan sonra mövsümdə ilk qələbəsini yalnız ötən tur qazanıb. Lider "Zirə"yə evdə qalib gələn Şimal təmsilçisi sabah Tovuzda yerli komandanın qonağı olacaq.
Görüş saat 16:30-da başlanacaq.