Murad Musayev: "VAR-ın baxdığı epizodda penalti var idi"

Murad Musayev: "VAR-ın baxdığı epizodda penalti var idi"

"Zirə" çox önəmli rəqibdir. Bu gün parlaq oyun gördük. Matç hər iki tərəfin qarşılıqlı hücumları şəraitində keçdi.

mediasport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 10-cu turunun "Sabah" - "Zirə" görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Murad Musayev deyib.

Rusiyalı mütəxəssis komandasının 1:0 hesablı qələbəsini şərh edib, jurnalistlərin digər suallarını cavablandırıb.

- Oyunu izləyənlər məmnun qaldılar. Psixoloji cəhətdən futbolçular yaxşı idilər. Yüksək tempi sona kimi saxlaya bildik. Ən önəmlisi odur ki, oyunun sonlarında fərqlənməyi bacardıq. Düşünürəm ki, VAR-ın baxdığı epizodda penalti var idi. Bu gün vacib olan qələbə idi, onu da əldə etdik. Meydanın hər qarışında mübarizə var idi. 

"Neftçi" ilə matçdan sonra soruşmuşdum ki, istədiyiniz komandanı formalaşdırmaq üçün nə qədər vaxt lazımdır. Artıq 10 tur geridə qalıb. Eyni sualı yenə vermək istəyirəm...

- Biz hələ bu prosesdəyik. Bu gün bəlkə də məzmun cəhətdən ən yaxşı oyunumuzu oynadıq. Rəqibin oyun üslubu da önəmlidir. Bu gün "Zirə" açıq futbol oynamağı seçdi. Bəzi rəqiblər var ki, qapanır, başqa tərzdə oynayırlar. Çalışmalıyıq ki, öz arsenalımızda olanları daha da inkişaf etdirək. 

Ümumilikdə birinci dövrəni necə dəyərləndirirsiz? İkinci pilləyə layiqsiz, yoxsa daha da irəli gedə bilərdiz?

- Düşünürəm ki, layiq olduğumuz yerdəyik. "Şamaxı" və "Neftçi" ilə matçların son dəqiqələrində qol vurub qalib gəlmişik. Bəzən futbolda bəxtin gətirir, bəzən gətirmir.

Bütün oyunlarda qapıda Yusif İmanova şans vermisiz. Sizə elə gəlmir ki, bunun nəticəsində digər qapıçılar formadan düşə bilər?

- Məgər yalnız "Sabah"da 3 qapıçı var? Qapıçı və mərkəz müdafiəçisi çox önəmli mövqelərdi. Burada hər dəfə dəyişiklik etmək olmur. Son üç oyundur qol buraxmırıq. Düşünürəm ki, çox dəyişikliyə ehtiyac yoxdur.