"Heç-heçəni məğlubiyyətə bərabər sayıram, karyeramda heç vaxt belə məyus olmamışdım" - MÜSAHİBƏ

"Heç-heçəni məğlubiyyətə bərabər sayıram, karyeramda heç vaxt belə məyus olmamışdım" - MÜSAHİBƏ

"Araz Naxçıvan"nın futbolçusu Vadim Abdullayev Mediasport.az saytına müsahibə verib.


Premyer Liqada son olaraq "Səbail"lə qarşılaşdız və qələbəni son saniyələrdə əldən verdiz.

- Qarşılaşma kifayət qədər ağır oldu. Karyeramda belə məyus olduğum an olmamışdı. Son saniyələrdə qol buraxıb qələbəni əldən verməyi həzm etmək çətindir. Qol epizodlarımız çox oldu, təəssüf ki, 3 xalı qazana bilmədik.

Səncə, heç-heçə layiqli nəticə oldu?

- Talesizlikdən son saniyələrdə öz qapımıza qol vurduq. Mən belə heç-heçəni məğlubiyyət sayıram. Son ana qədər üstünlüyü qorumağa çalışırdıq. Oyundan sonra "Səbail"in məşqçilər, futbolçuları hörmət xətirinə mənə yaxınlaşıb siz üç xala layiq idiz dedilər. Sağ olsunlar.

Sənə elə gəlmir ki, hücumçularınız son matçlarda qol epizodlarını sağa-sola xərcləyirlər?

- "Araz Naxçıvan" yeni qurulan komandadır. Biz bir qol şansı yaratmaq üçün nə qədər əziyyətlər çəkirik. "Qarabağ", "Sabah", "Neftçi" kimi böyük klublar yaratdıqları qol vəziyyətlərini asan reallaşdırsa, bizim kimi komandalar üçün bu, çətin olur. Ona görə də iki epizoddan birini vurmalıyıq ki, oyunumuz rahat getsin.

Komandanız 4 oyundur qələbə qazana bilmir.

- Bu, hər bir komandanın başına gələcək şeylərdir. Çempionatda eniş də olur, yüksəliş də. "Kəpəz"lə oyunda çoxlu qol epizodlarımız oldu, vura bilmədik, bir qol buraxdıq. Halbuki qələbə qazanmalı idik. Dünənki oyunda da həmçinin. Futboldur, tarixdə qalan nəticədir. Ədalət prinsipi olsaydı, biz oyunları udmalı idik. Amma qədərdən qaçmaq olmur. Öz üzərimizdə işləməklə vəziyyətdən çıxmalıyıq.

Qış fasiləsinə az qalıb. Ən azı hansı pilləni tutmaq istəyirsiz?

- Çalışdığımız qədər yuxarı pillədə olmaq istəyirik. Nəzərə almalıyıq ki, yeni komandayıq. Toplanış keçmədən bu yerə gəlib çıxmışıq. Turnir cədvəli, göstərdiyimiz oyunla yaxşı iş ortaya qoya bilmişik. Dünən udsaydıq, 3-cü pilləyə qalxırdıq. Bu gün büdcəsi bizdən üstün olan rəqibləri qabaqlaya biliriksə, demək ki, işimiz düz gedir. Kollektiv olaraq çalışıb ilk beşlikdə qalmaq istəyirik.

Növbəti tur Premyer Liqanın iddialılarından "Zirə" ilə qarşılaşacaqsız.

- "Zirə"yə qarşı ağır oyun olacaq. Birinci dövrədəki oyunda qələbə qazansaq da, çox əziyyət çəkmişdik. Çempionat çətin keçir. Hamı hamıdan xal ala bilər. 4 sarı vərəqə limitim dolduğu üçün həmin oyunu buraxacam. Çox istəyirdim ki, maçtda iştirak edim.