"Neftçi"yə evdə məğlub olan Ayxan Abbasov: "1 xalı haqq edirdik"
"İlk öncə şəhidimiz Zöhrab Hümbətova və qəzada dünyasını dəyişən "Neftçi"nin əməkdaşı Elvin Rüstəmova Allahdan rəhmət diləyirəm".
mediasport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 17-ci turunun "Turan Tovuz" - "Neftçi" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis 0:1 hesablı məğlubiyyəti şərh edib:
- Bizi dəstəklərinə görə azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bəlkə də ən yaxşı oyunumuzu oynadıq. Son oyunlar futbolçularımızda inkişaf, əzmkarlıq hiss olunur. Təəssüf ki, bu oyunu xalsız bitirdik. Məncə, 1 xalı haqq edirdik. Əzmkarlıqlarına görə futbolçularıma çox sağ ol dedim. Bu oyunu unudub qarşıdakıgörüşə hazırlaşmalıyıq. Həqiqətən də bizi kubokda "Kəpəz"lə ağır matç gözləyir. Sıx qrafikdəyik, itkilərimiz var. Ama yenə də bu oyuna tam hazır olmağa çalışacağıq".
Məğlubiyyətinizi nə ilə əlaqələndirirsiz?
- “Neftçi” təcrübəli komandadır. Fransa – Mərakeş görüşündə fransızların rəqibin səhv etməsini necə gözlədiyini gördük. Biz də bilirdik ki, səhvə yol versək, "Neftçi" oyunçuları bundan istifadə etməyə çalışacaq. Bilirik ki, VAR epizodlara dəqiq baxır. Yıxılanda belə, əlini qorumalısan. Təəsssüf, ikinci oyundur belə vəziyyətlə qarşılaşırıq. “Kəpəz”lə matçda da qapımıza penalti təyin edilmişdi. Demək ki, daha diqqətli olmalıyıq. Əsas odur ki, gələn matçlar üçün işıq ucu görünür.
Bir neçə qol epizodlarını qaçırdız, həmin epizodlarla bağlı nə deyə bilərsiz?
- Qalib gəlmək istəyirsənsə, epizodları dəyərləndirməlisən. Üstəlik, rəqib “Neftçi”dirsə. Oyunçularımız onların müdafiəsini yara bildi. Sadəcə olaraq, son nöqtəni qoymaq alınmadı. Futboldur, olur belə şeylər.
Ölkə kubokunda “Neftçi ilə yenidən qarşılaşa bilərsiz. Bunu istəyirsiz?
- Gərək, biz “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni keçə bilsin, qismət. Bu dəqiqə o haqda düşünmürük. Qarşıda bizi “Kəpəz” matçı gözləyir. Şanslar eynidir. “Sabah”a qarşı oyun göstərdi ki, “Kəpəz” yaxşı durumdadır. Keçsək, daha yaxşı olar.
Runi Evanı əvəzləyəndə əlini sıxmadız, ona əsəbi idiz?
- Xeyr, buraxılan qolun təsirində olmuşam. Runinin kiçik zədəsi var. Futbolçu özünü bu oyuna kökləyib ağrıyaraq meydanda qaldı. Ağrıkəsici ilə ikinci yarıya çıxdı. Bu cür əziyyətlərdən sonra qol vursaydı, özü üçün daha motivasiyalı olardı. Runinin bu cür psixoloji duruma düşməsini istəməzdim. İnanıram ki, bundan sonra belə epizodları qola çevirəcək.