29 yaşlı portuqaliyalı vingerin Azərbaycan klubuna keçidi rəsmiləşdi

29 yaşlı portuqaliyalı vingerin Azərbaycan klubuna keçidi rəsmiləşdi

Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

Klubdan "MediaSport"a verilən məlumata görə, Naxçıvan təmsilçisi Nuno Migel Rodrigeslə anlaşıb.

Bu gün Bakıya gələn portuqaliyalı 29 yaşlı futbolçu tibbi müayinədən keçib və onunla 1 illik müqavilə bağlanıb.

Sağ cinah hücumçusunun son klubu Portuqaliyanın 2-ci liqasında mübarizə aparan “Sportinq Kovilya" klubu olub. Nuno karyerası ərzində “Oliveyra do Hospital”, “Pedras Salqadas”, “Qafanya”, “Lusitano Vildemonyos”, “Mafra”, “Arokaa”, “Villafrankeze” klublarının da formasını geyinib.

Müqavilə imzaladıqdan sonra futbolçu klub saytına açıqlama verib: “Ölkəniz haqda eşitmişdim, internet resurslarından da məlumat toplamışdım. Menecerim, eləcə də burada oynayan futbolçulardan müəyyən bilgi əldə etmişdim. Maraqlı, gözəl ölkəniz var. Bilirəm, “Araz-Naxçıvan” uzun fasilədən sonra yenidən Premyer Liqada oynayacaq. Buna görə narahat deyiləm. Yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəm. Bilirəm ki, xüsusilə də legionerlərdən gözləntilər böyükdür. Bura kömək etmək üçün gəlmişəm. Komandamla uğur qazanacağıma inanıram”.