"Rəqibimiz liqanın səviyyəsindən üstün olan bir kollektivdir"
“Komandamız qarşıdakı oyuna səylə hazırlaşır. Qış istirahəti ilə bağlı düşərgəni tərk edən basketbolçular bir-bir kluba dönüblər".
Mediasport.az xəbər verir ki, bu sözləri "Gəncə" basketbol klubunun baş məşqçisi Levent Bedri Meriç deyib.
41 yaşlı türkiyəli komandanın hazırlığı barədə klubun mətbuat xidmətinə danışıb. O, həftəsonu "Sabah"la duel öncəsi düşüncələrini bölüşüb:
"Bazar gününə qədər matça hazır olacağıq. Rəqibimiz liqanın səviyyəsindən üstün olan bir kollektivdir. Avrokubok yarşları üçün yığılmış heyətləri var. Bizim təqvimdə bir şanssızlığımız var, ard-arda startda iddialılarla oynayırıq. Çempionatın 3 ən yaxşı klubu ilə indi də evdə qarşılaşacağıq. Liqanın əvvəlində tam olaraq hazır deyildik, zaman irəlilədikcə uyğunlaşma yarandı. Uşaqlar bir-birilərinə inanırlar. Öz meydanımızda oynamağın üstünlüyü də var. “Sabah”a qarşı matçda sürpriz etmək istəyirik. Gəncədəki oyunlarda rəqibləri çətin vəziyyətə salmağa çalışacağıq. Onları asan mübarizə gözləmir. Pley-off yolunda üstünlük qazanmaq istəyirik”.
Basketbolçuların fasilə müddətindəki fərdi hazırlığından da söz açan mütəxəssis oyunçuların çəki ilə bağlı probleminin yaranmadığını vurğulayıb:
“Tətilə gedən oyunçuların məşq proqramını özüm izlədim. Hamısı tapşırıqlara uyğun çalışdılar. Fiziki cəhətdən hər hansı bir problem yoxdur. Məşqdən də geri qalmayıblar. Kluba yaxşı durumda qayıdıblar”.