Azərbaycan idmançısının əfsanəvi Ceki Çanla unudulmaz anları
“Paris Paralimpiadasında qazandığım bürünc medalı fəxri kürsüdə məşhur aktyor Ceki Çan təqdim etdi. Həmin an sözlə ifadə olunmayacaq qədər möhtəşəm hisslər keçirdim”.
Mediasport.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında K44 kateqoriyasında çıxış edən Azərbaycan parataekvondoçusu Sabir Zeynalov deyib.
58 kiloqram çəki dərəcəsində yer alan Paralimpiya mükafatçısı honkonqlu kino ulduzunu real həyatda ilk dəfə gördüyü üçün sevincli olduğunu bildirib:
“O, böyük aktyordur. Biz uşaqlıqdan onun döyüş filmlərini izləyə-izləyə böyümüşük. İllərlə televizorda izlədiyim insanı qarşımda görəndə çox xoşbəxt oldum”.
19 yaşlı idmançı Ç.Canla arasında keçən dialoqdan da bəhs edib: “Mənim çəkimdə medal qazanan bütün parataekvondoçular orada idi. Ceki Çanla yanaşı, Dünya Taekvondo Federasiyasının prezidenti Çu Çunq-Von da bizlə görüşdü. Onlar bərabər gəlmişdilər. C.Çan hər birimizdən yaşımızı və bu idman növü ilə neçə ildir məşğul olduğumuzu soruşdu. Bu, unudulmaz anlar idi”.
Qeyd edək ki, Ceki Çan avqustun 28-də Parisdə keçirilmiş Yay Paralimpiya Oyunlarının açılış mərasimində iştirak edib. O, ertəsi gün parataekvondo yarışlarında yer tutan idmançıların mükafatlandırma mərasimində idmançılara medalları təqdim edib.