Sumqayıtda ustad dərsi keçirilib

  Sumqayıtda ustad dərsi keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə 23 avqustda Sumqayıtda, şəhərin rəmzi sayılan "Göyərçin" abidəsinin ətrafında cüdo üzrə ustad dərsi keçirilib.

Mediasport.az xəbər verir ki, tədbirin açılışında Gənclər və İdman Nazirliyi Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin İdman Sektorunun Müdiri Vahid Abdullayev və ACF-in Prezidentinin müşaviri Natiq Bağırov çıxış edərək bildiriblər ki, Azərbaycanda cüdonun kütləvləşdirilməsi ilə gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək ACF-in əsas məqsədlərindən biridir.

Ustad dərsi çərçivəsində Natiq Bağırov, Azərbaycanın cüdo üzrə milli yığma komandasının üzvləri, gənclər arasında dünya və Avropa mükafatçıları Rövşən Əliyev və Ömər Rəcəblinin iştirakı ilə baş tutub. Tədbir zamanı cüdonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunub. Həmçinin, peşəkarlar tərəfindən müxtəlif cüdo fəndləri uşaqlara və gənclərə nümayiş olunub.  Praktik cüdo fəndlərinə maraq göstərən şəhər sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub.

Bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.