"Sumqayıt"ın Konfrans Liqasında ev oyununun stadionu dəqiqləşib
"Komandamız iyunun 18-dən Sumqayıtda toplaşaraq hazırlıqlara start verib. Gündə bir və ya iki məşqimiz olur".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.
Klub rəsmisi komandanın növbəti ay üçün olan planlarından danışıb:
"İyulun 3-də Ankaranın Qızılcahamam bölgəsinə yollanacağıq. Orada 2 həftə təlim-məşq toplanışı baş tutacaq. Bu müddətdə 3 yoxlama görüşünə çıxmaq nəzərdə tutulub. Rəqiblərimiz, oyunların günləri hələlik məlum deyil. İnşallah, 17-də Sumqayıta qayıdacağıq və bir həftə sonra "Fehervar"la keçiriləcək oyuna son hazırlıqları həyata keçirəcəyik".
Z.Xudiyev mümkün transferlər haqda bunları qeyd edib:
"Heyətlə bağlı işlər görülür, danışıqlar davam edir. Hələlik, sadəcə, Rəhim Sadıxovun keçidi rəsmiləşib. Komandadan ayrılanlar var. Yəqin, danışıqlarla bağlı yaxın günlərdə hərəkətlənmə olacaq. Konkret adlar olmasa da, ümid edirik ki, heyətə yeni adlar qoşulacaq".
O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Macarıstan klubu ilə ev görüşünü doğma şəhərdə keçirəcəklərini vurğulayıb:
"Fehervar"la ev oyunumuz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda olacaq. Bununla bağlı hər hansı bir problem yoxdur".
Rövşən Əlisoy