Legionerlərin hamısı gəldi, yığmamızın hazırlığı başlandı
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qarşıdakı iki oyun üçün hazırlığı start götürüb.
Oktyabrın 7-də biraraya gələn komandamızın tam heyətlə məşqləri bu gün “Neftçi Futbol Mərkəzi”ndə başlanıb.
Legioner həyatı yaşayan 7 futbolçumuzun (Renat Dadaşov, Mahir Emreli, Rahil Məmmədov, Ozan Can Kökcü, Anton Krivotsyuk, Zamiq Əliyev, Coşqun Diniyev) hamısı məşqdə iştirak edib.
Sabah da eyni məkanda hazırlığa çıxacaq Fernandu Santuşun kollektivi günün ikinci yarısında - Bakı vaxtilə saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yola düşəcək.
Azərbaycan millisi estonlarla görüş öncəsi son məşqinə oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Le Kox Arena”da çıxacaq.
Matç oktyabrın 11-də oynanılacaq.
C liqasının I qrupunda yer alan yığmamızın növbəti qarşılaşması oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə olacaq.
Hər iki duel Bakı vaxtilə saat 20:00-da baş tutacaq.
Xatırladaq ki, millimiz portuqaliyalı Avropa çempionunun rəhbərliyi altında qrupda keçirdiyi ilk iki oyunu məğlub başa vurub - futbolçularımız Bakıda İsveçə (0:3), Koşitsedə Slovakiyaya (0:2) uduzublar.
Mediasport.az