"2-cidəqiqədə qol vurub, 88 dəqiqə özlərini yerə atacaqlarsa..."

"2-cidəqiqədə qol vurub, 88 dəqiqə özlərini yerə atacaqlarsa..."

"Sabah" Premyer Liqanın 12-ci turu çərçivəsində öz meydanında "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

mediasport.az xəbər verir ki, Masazır klubunun baş məşqçisi Murad Musayev oyun haqqında fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıb:

- Komandanı, rəhbərliyi və azarkeşləri təbrik edirəm. Uşaqlar meydanda xarakter göstərdilər, son dəqiqəyə kimi mübarizə apardılar. Bu mübarizənin nəticəsində qələbə qazandıq. Qalibiyyət bizim üçün mental cəhətdən də önəmlidir. Matçın sonlarına yaxın yorulmadıq. Bunlar məşqlərdə ağır və səylə çalışmağımızın nəticəsidir. Bir şey demək istəyirəm, bundan sonra rəqib oyunçular hər kiçik toxunuşdan sonra yıxılıb yerdə qalacaqlarsa və ya 2-cidəqiqədə qol vurub, 88 dəqiqə özlərini yerə atacaqlarsa, biz topu kənara çıxarmayacağıq. Bunun feyr-pleylə əlaqəsi yoxdur.


Cəsarətli çağırış etdiz. Buna görə qınanılacağınızı düşünmürsüz?

- Buna görə temp aşağı düşür. Avroliqa oyunlarında belə şey olmur. Futbol hiyləgərliyi var. Bunu yüksək tempin qarşısını almaq üçün bir-iki dəfə etmək olar. Amma eyni hal 10-15 dəfə təkrarlanırsa, düzgün deyil. Bu gün "Şamaxı" - "Qarabağ" matçına baxdım. Orada da eyni hal yaşanırdı. Hiss elədim ki, "Şamaxı"nın bütün futbolçuları "xəstələnmişdi". Görsək ki, həqiqətən də oyunçu zədələnib, onda topu kənara çıxararıq. Amma özünü zədələnmiş kimi göstərib bir dəqiqə sonra qaçırsa, yox.


Komandada gərginlik hiss olunurdu. Bunun səbəbi nə idi?

- Biz turnir cədvəlinə baxmamalıyıq. Düz deyirsiz, oyuna çox pis başladıq. Rəqib ikinci dəqiqədə önə keçdi. Amma 10 dəqiqə sonra əvvəlki "Sabah"ı meydanda görməyə başladıq. Unutmamalıyıq ki, "Qəbələ" əks-hücumlarda çox təhlükəli rəqibdir. Hesabın 0:1 olmasına baxmayaraq, biz nəticəni öz xeyrimizə dəyişə bildik. 


Rəqib baş məşqçi bildirdi ki, matçın qırılma nöqtəsi Elvin Camalova ikinci sarı vərəqənin göstərilməməsi idi. Bununla razısız?

- Xeyr. Oyun epizodu idi. Amma "Qəbələ"nin bir neçə oyunçusuna da sarı vərəqə göstərilmədi. Hakim deyirsə ki, sərt oynayaq, mən razıyam. Həmişə sərt oyunun tərəfdarı olmuşam. 


Fasilədə Elvinin əvəzlənməsi passivində sarı vərəqə olmasına görə idi?

- Bəli, buna görə idi. Risk etmək istəmədik. Bir dəfə top əlinə dəydi, bir dəfə də hücumun qarşısını aldı. Amma bu, təhlükəli hücum deyildi. Hakimə də təzyiq var idi. Çünki "Qəbələ"nin futbolçuları Camalova niyə sarı vərəqə göstərmədiyini deyirdilər. Buna görə onu dəyişdik. "Qəbələ" komandasına simpatiyam var. Onlar çox gözəl futbol sərgiləyirlər. Maraqlı fikirləri, ideyaları olan komandadır. Qarşılaşmadan sonra rəqib baş məşqçinin əlini sıxdım. Onlara gələcək oyunlarda uğurlar və qələbələr arzulayıram.