"Elçin Məsiyev göstərirdi ki, bir komandanı qoruyuram, digərini necə istəyirəm əzirəm" - ÜSYAN
"Dördüncü hakim çağırır ki, "Zirə"nin oyunçusuna da sarı vərəqə göstər, baş hakim bunu etmir. Futbol elədir ki, mübarizəyə imkan verməlisən".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 13-cü turunun "Zirə" ilə səfər oyunundan sonra "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.
0:1 hesablı məğlubiyyəti şərh edən 43 yaşlı mütəxəssis qarşılaşmanın baş hakimi Elçin Məsiyevdən narazılığını dilə gətirib:
"Elçin Məsiyev göstərirdi ki, bir komandanı qoruyuram, digərini necə istəyirəm əzirəm. Futbolçular da sonda istəklərini göstərməyə başladı. Nəinki özümüzə, heç bir komandaya qarşı belə hakimlik arzulamaram. Hamı məni təmkinli adam kimi tanıyır. Ancaq Elçin Məsiyevin verdiyi qərarlar məni belə, qıcıqlandırırdı".
Qeyd edək ki, "Zirə" şimal təmsilçisini penalti qolu ilə məğlub edib.