Gənc avarçəkənlərimiz Qazaxıstandan qızıl medallarla döndülər
Gənclərdən ibarət avarçəkmə milli komandamızın üzvləri Qazaxıstan açıq birinciliyində uğurla çıxış ediblər.
mediasport.az xəbər verir ki, təmsilçilərimiz ümumilikdə 8 dəst medal qazanıblar.
Ölkəmiz 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən kayak və kanoe növləri üzrə beynəlxalq turnirdə 5 nəfərlik heyətlə təmsil olunub.
200 metr məsafəyə bir nəfərlik kayak qayığında Amil Ramazanov birinci yerə layiq görülüb. O, eyni məsafədə iki nəfərlik kayak qayığında Qazaxıstan təmsilçisi ilə birgə yürüşdə də finişə birinci çatıb.
500 metr məsafəyə bir nəfərlik kayak qayığında Əlimurad Hacızadə də bütün rəqiblərini geridə qoyub. Eyni növdə 200 metr məsafəyə yürüşdə isə 2-ci olub.
2 nəfərlik kayak qayığında Əlimurad Hacızadə-Vacib Babayev cütlüyü də 500 metr məsafəyə yürüşlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Duet 200 metr məsafədə gümüş medallarla kifayətlənib. Riyad İsmayılzadə ilə Rəşad Dadaşov 2 nəfərlik kayakda 500 və 200 metr məsafəyə yarışlarda ikinci yerə layiq görülüblər.
Turnirdə 100-ə yaxın idmançı yarışıb.