Mingəçevirdə "Kürü keçək?!-2" şüarı altında növbəti yarış keçirildi
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə "Kürü keçək?! - 2” açıq suda üzmə yarışı keçirilib.
Mediasport.az xəbər verir ki, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilən kütləvi yarış Mingəçevirdə, Kür sahilində baş tutub.
Ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 8 yaş qrupu üzrə (12-15, 16-19, 20-29, 30-39, 40-49, 50-60, 61-70 və 70 yaşdan yuxarı) ümumilikdə 300-dən çox kişi və qadın iştirakçı finişə çatmaq üçün Kür çayının iki sahili arasında 300 metr məsafəni üzüblər.
Sonda qaliblər mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və digər şəxslər təqdim ediblər.
Qeyd edək ki, bu açıq suda təşkil edilən sayca üçüncü turnirdir. İk dəfə açıq suda üzmə yarışı ötən il iyunun 20-də Bakıda, Xəzər dənizində, ikinci dəfə oktyabrın 1-də Mingəçevirdə keçirilmişdi.