Azərbaycan Alpaqut Federasiyasına yeni prezident seçilib - RƏSMİ

Azərbaycan Alpaqut Federasiyasına yeni prezident seçilib - RƏSMİ

Azərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilib.

Mediasport.az xəbər verir ki, Atatürk Mərkəzində baş tutan tədbirdə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurultayda Azərbaycan Alpaqut Federasiyasının (AAF) İdarə Heyətinin yeni tərkibi formalaşıb və federasiyaya prezident seçkisi olub. Federasiyanın bütün filial və klub rəhbərləri, məşqçiləri, hakimləri və 18 yaşına çatan idmançılarının iştirakı ilə keçirilən səsverməyə əsasən Fuad Quliyev yekdilliklə AAF-a yeni prezident seçilib.

O, çıxış edərək alpaqut turan döyüş sənətinin inkişafını sürətləndirmək üçün əlindən gələni edəcəyini bildirib.

Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova isə federasiyanın əldə etdiyi uğurlardan və görülən işlərdən danışıb. O, nəinki Azərbaycanda, dünyada alpaqut idman növünə marağın artdığını qeyd edib.

Dünya Alpaqut Federasiyası alpaqut milli idman növünü inkişaf etdirmək məqsədilə 2014-cü ildə qurulan beynəlxalq təşkilatdır. Federasiyanın Azərbaycan başda olmaqla 57 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. Federasiya IMGC, Fair-Play, ICSSPE, ISNO, GAWSF, TAFISA kimi tanınmış ciddi beynəlxalq idman birliklərinin üzvüdür. Dünya Alpaqut Federasiyası Beynəlxalq Assosiasiyalar İttifaqının nəşri olan Beynəlxalq Təşkilatların İllik Kitabında dərc edilib və Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatında qeydiyyata alınıb.