"Çalışacağıq ki, səhvlərimizin üzərində daha çox işləyək"
"Avropa çempionatı idmançılarımız üçün uğurlu keçməsinə çox sevinirik".
Mediasport.az xəbər verir ki, bu sözləri gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında iştirak edən idmançıların çıxışını dəyərləndirərkən deyib.
Mütəxəssis bildirib ki, oğlanlardan ibarət yığmanın qitə birinciliyində komanda hesabında üçüncü yeri tutması sevindirici haldır: "İki idmançımız beynəlxalq arenada bayrağımızı dalğalandırdı, Himnimizi səsləndirdi. Digər boksçularımızın da yaxşı çıxış etmək üçün şansları var idi. Çalışacağıq ki, səhvlərimizin üzərində daha çox işləyək".
Onun sözlərinə görə, komanda artıq noyabrda keçiriləcək dünya çempionatına fokuslanmalıdır: “Hədəfimiz gənclər arasından bir neçə idmançımızı kişilərdən ibarət yığmaya cəlb etməkdir. Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını iki qızıl medalla başa vurub. Yığmanın heyətində Bilalhəbaşi Nəzərov (48 kiloqram) və Ömər Aslanlı (54 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.