"Səhvlərimiz oldu, amma ilk matçdakı qədər yox" - Borisov

"Səhvlərimiz oldu, amma ilk matçdakı qədər yox" - Borisov

"İlk oyunla müqayisədə yaxşılığa doğru çox böyük fərq vardı. 6-7 real qol epizodu yaratsaq da, cəmi birindən istifadə edə bildik".

Mediasport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov deyib.

Mütəxəssis yoxlama matçında Bosniya və Herseqovinaya 1:5 hesablı məğlubiyyəti şərh edib:

“Uşaqlar çox hərəkət etdilər, demək olar, meydanın hər yerində var idilər. Səhvlərimiz oldu, amma ilk matçdakı qədər yox. Əlbəttə, narazı qaldığım məqamlar da oldu. Dünənki oyunda rəqib qapıçısı beşinci oyunçu funksiyasını yerinə yetirən zaman çox əziyyət çəkdiksə, bu dəfə standart vəziyyətlərin yerinə yetirilməsi zaman kobud səhvlər etdik.

Biri cərimə, ikisi isə künc zərbəsindən olmaqla qollar buraxdıq. Bunun üzərində işləməliyik. Uşaqlara təşəkkür edirəm. Dünənki məğlubiyyətdən sonra toparlanmağı bacardılar. Meydanda oyun elementləri var idi, dediklərimi yerinə yetirməyə çalışırdılar və bu, alınırdı”.

Xatırladaq ki, yığmamız bosniyalılarla ilk oyunda qapısından 7 cavabsız top buraxıb.