“Qızıl əlcək” İdman Klubunun Xırdalanda yeni zalı açıldı
Abşeron rayonunun Xırdalan qəsəbəsində “Qızıl əlcək” İdman Klubunun yeni zalı istifadəyə verilib.
Mediasport.az xəbər verir ki, mərkəzin açılışında Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov iştirak edib.
İdmançılar, qonaqlar zalda yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıblar.
İdman klubun yaradıcıları federasiya rəhbərliyinə boksçulara yaradılan şəraitə və göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.
İlkin olaraq burada 100-dək yeniyetmə və gənc boksun sirrlərinə yiyələnəcək.
Rövşən Hüseynov Xırdalanda boksun inkişafı üçün yaxşı potensial olduğunu deyib:
“Prezident İlham Əliyev idmana böyük diqqət ayırır. Bölgələrdə zalların açılmasına sevinirik. Xırdalanda da idman üçün yaxşı potensial var. Sevinirik ki, “Qızıl əlcək” klubu burada açılıb və idmana dəstək olacaq”.
Klubun boks bölməsinin baş məşqçisi Rəhim Allahverdiyev burada gələcəyin çempionlarının yetişəcəyinə inandığını bildirib:
“Ümid edirəm ki, gələcəkdə burada ölkəmizin bayrağını yüksəklərə qaldıran idmançılar yetişəcək. Onlar Avropa, dünya və Olimpiya çempionatlarında iştirak edəcəklər. Məqsədimiz həm də gəncləri pis vərdişlərdən uzaq tutmaq üçün idmana cəlb etməkdir. Həmçinin ölkəsinə layiq idmançılar yetişdirmək istəyirik”.
Qeyd edək ki, “Qızıl əlcək” İdman Klubunun filialları Bakı və Sumqayıtda da fəaliyyət göstərir.