"Renn"in keçmiş baş məşqçisi Azərbaycan klubunu çalışdıracaq
Qazaxıstan millisinin baş məşqçisi Boris Qrebennikov kişi voleybolçulardan ibarət “Azərreyl” komandasına rəhbərlik edəcək.
Mediasport.az xəbər verir ki, Fransa və Qazaxıstan vətəndaşlığı olan 65 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
O, eyni zamanda yığmadakı işini də davam etdirəcək. Qrebennikovun qarşısına əsas hədəf kimi “Azərreyl”i zirvələrə daşımaq və Azərbaycan milli komandasına yeni adlar qazandırmaq tapşırığı qoyulub.
Bildirilib ki, “Azərreyl” müəyyən fasilədən sonra kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, Boris Qrebennikov Bakı təmsilçisinə qədər müxtəlif ölkələrdə işləyib. O, Fransanın kişilərdən ibarət “Renn” klubunda oynayan məşqçi, daha sonra baş məşqçi kimi çalışıb. Bu komandaya ölkə kubokunu qazandırıb. Mütəxəssis ardınca Rusiyada “Qazprom-Yuqra” və “Ural” kimi böyük komandaların “sükanı arxasında” olub.
Tunisdə “Etoil de Sahil"də işləyən çalışdırıcı burada ölkə çempionatını və Superkubokunu qazanıb.
Xatırladaq ki, “Azərreyl”in qadınlardan ibarət komandası türkiyəli mütəxəssis Cengiz Akarçeşmeyə həvalə olunub.