Millimizin lideri baş məşqçinin ittihamlarını darmadağın edib - Yığmamızın kapitanı ilə MÜSAHİBƏ
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimova Mediasport.az saytına müsahibə verib.
Təcrübəli və titullu voleybolçu bir neçə gün öncə "Futbol+" qəzetinə müsahibəsində özündən başqa hamını ittiham edən yığmanın baş məşqçisi Ataman Güneyligilin fikirlərinə münasibət bildirib. Yığmamızın lideri əvvəlcə türkiyəli çalışdırcı ilə yola davam edilib-edilməməsi və onun Azərbaycan voleybol camiəsi barədə səsləndirdiyi iddialarla bağlı ümumi düşüncələrini bölüşüb:
- Milli komandaya məşqçi təyin olunması və ya məşqçi ilə müqavilə uzadılması məsələsiylə federasiya və aidiyyəti adamlar məşğul olur. Amma mən də millinin üzvü kimi deyə bilərəm ki, builki məşqçinin sistemi və taktikası komandamıza uyğun olmadı, uğursuz alındı. Onun biz oyunçular haqqında, komandamız haqqında və federasiya haqqında dedikləri, əlbəttə, xoşuma gəlmədi. Amma bu məsələ ilə bağlı son qərarı federasiya verir. Məşqçinin dəyişəcəyini və ya müqavilə uzadılacağını, oyunçuların belə vəziyyətdə necə birgə çalışacağını isə verilən qərarlar və zaman göstərəcək. Umid edirəm ki, millimiz üçün, voleybolumuz üçün düzgün, xeyirli olan nədirsə, ona da qərar verilər. Çünki hər şeydən və hər kəsdən önəmli olan bizim ölkəmizin, voleybolumuzun adı və yığma komandamızdır.
Ataman Güneyligil müsahibəsində deyib ki, Azərbaycan millisi üçün yeni sistem gətirmişdim, hazırda ölkənizdə uşaq voleybolunun vəziyyəti pisdir, yeni gələcək voleybolçularınız yoxdur və Azərbaycan voleybolunun parlaq dönəmlərində aşağı yaş qrupları ilə maraqlanan olmayıb. Komandanın kapitanı kimi, bu fikirlərə münasibətinizi öyrənmək istəyirik.
- Bəli, biz bu il yeni sistemlə məşq etdik. Çünki məşqçi yenidir. Əlbəttə ki, əvvəlki məşqçi ilə eyni sistem ola bilməz. Lakin Avropa çempionatında təəssüf ki, bu yeni sistemin yetərli olmadığını gördük. Digə fikirlərinə gəlincə, bəli, hazırda gənc nəslin lazımi səviyyədə olmadığı bəllidir, lakin bu o demək deyil ki, indiyədək bununla bağlı heç bir iş görülməyib. Hazırda millimizin ikinci heyətində, klublarımızda çıxış edən yerli voleybolçularımız var. Artıq bu istiqamətdə daha ciddi işlər görülməyə də başlanıb və bu işlərin nəticəsi olaraq yaxın gələcəkdə yerli voleybolçularımız yetişəcək, inşallah. O ki qaldı "Azərbaycan voleybolunun parlaq dönəmlərində aşağı yaş qrupları ilə maraqlanan olmayıb" fikrinə, burada yəqin ki, federasiya və bu işlə birbaşa məşğul olan mütəxəssislərimiz nəzərdə tutulur. İstənilən halda bizim ölkədə olmaya-olmaya bu işlə maraqlanılmadığını iddia eləmək, mütəxəssislərimizin işini heçə saymaq qəribədir.
Baş məşqçi Avropa çempionatında iştirak edən yığmamızın heyətinin turnirin ən yaşlı komandası olduğunu bildirib. Deyib ki, 30 yaşın üstündə 7 oyunçumuz var idi, bəzi voleybolçular yeni sistemimə uyğunlaşa bilmədilər, bəziləri isə bilərəkdən dediklərimi eləmirdilər. Daha sonra bəzi oyunçuların onu millidə görmək istəmədiklərini vurğulayıb. Baş məşqçinin yaş məsələsi ilə bağlı açıqlamasına münasibətiniz necədir? Ümumiyyətlə, sizcə, onu istəməyənləri deyəndə konkret kimləri nəzərdə tutur?
- Yarışa gedən heyəti məşqçi özü müəyyənləşdirib. Dediyi yeddi nəfər yaşlı oyunçunu da özü heyətə salıb, heç bir oyunçu xəbərsiz və ya gizli şəkildə komandaya qoşulmayıb. Və bu oyunçular kifayət qədər peşəkar voleybolçulardır, illərlə fərqli məşqçilərlə çalışıblar, həm yerli, həm də xarici mütəxəssislərlə işləyiblər. Belə olan halda oyunçuların yeni sistemə uyğunlaşa bilməməsi fikri çox gülməlidir. Yarışdakı oyunumuz da göstərdi ki, əksər vaxtlarda biz yaşlı oyunçular məhz fərdi bacarığımız və təcrübəmiz hesabına nəsə etdik. O ki, qaldı kiminsə bilərəkdən məşqçinin tapşırıqlarına qulaq asmaması iddiasına, birincisi, yenə deyirəm, komandamızın əksər üzvləri təcrübəli və peşəkar oyunçulardır. Biz yarışa baş məşqçinin mənafeyi üçün getməmişdik - biz Avropa çempionatında, eləcə də bütün yarışlarda ölkəmizi, bayrağımızı, milli voleybolumuzu təmsil edirik. Ölkəmizin mənafeyini kənara qoyub, kiməsə və nəyəsə görə qeyri-peşəkar hərəkət etmirik və etmərik də. Bizə hansısa məşqçi ilə yaxşı və ya pis münasibət deyil, yalnız ölkəmizin adı, bayrağımız əsasdır. Haqqımızda deyilən bu ittihamı mən hətta təhqir hesab edirəm. Nəticəmiz uğursuz və gözlənilməz ola bilər, amma heç kim bizi ölkəmizi bilərəkdən pis təmsil etməklə ittiham edə bilməz. Heç kim günlərlə, aylarla ailəsindən, övladından ayrı qalıb kiməsə yaxşı və ya pis olsun deyə yarışa getmir. Hamının bir məqsədi var - millimizi, ölkəmizi, bayrağımızı və özümüzü layiqincə təmsil etmək. İkincisi, oxu atıb, yayı gizlətməkdənsə, millinin heyətində olan 14 oyunçu arasından konkret adlar çəksin, həmin oyunçular da lazımi cavabı versin. Bu qədər sadə.
"Azərbaycan millisində bir neçə oyunçu xaric, başqaları üst səviyyədə deyil. Oynadıqları çempionatlara, karyeralarına baxanda bunu görmək olar. Millinin heyətində olan bəzi 30 yaşdan yuxarı oyunçular hələ indi voleybolu öyrənməyə başlayıb. Mənim də sistemim oyunçulara ağır gəldi". Bu ittihamlara da münasibətinizi eşidək.
- Bir daha deyirəm, bu heyəti məşqçi özü müəyyənləşdirib və hər bir oyunçunun səviyyəsini də bilirdi. Əgər hansısa oyunçu onu qane etmirdisə, niyə heyətə salırdı? Ümumiyyətlə, millimiz haqqında, oyunçularımız haqqında çoxlu narazı fikirlər səslənib, amma o bizim milliyə məşqçi kimi dəvət olunanda bilmirdi bunları? Ola bilər həmin vaxt bilməsin, bəs razılıq verməzdən əvvəl millimizi, 30 yaşdan yuxarı oyunçularımızı heç araşdırmayıb? Baş məşqçi təyin olunduğu komandada kimlərin oynadığını, hansı səviyyədə və yaşda olduqlarını araşdırmadan razılaşıb? Bu ittihamlar da yersizdir. Bizim nəticəmizin belə olmasının əsas səbəbkarları biz oyunçular deyilik, bunu bilin. Biz ittiham olunsaq da, hamıdan çox biz oyunçular can yandırmışıq və çalışmışıq. Peşəkar bir mütəxəssisin baş məşqçisi olduğu milli komanda haqqında bu cür fikirlər səsləndirməsi həqiqətən qeyri-peşəkarlıqdır. İlk uğursuzluqda, ilk çətin anda baş məşqçi komandanın, oyunçuların arxasında durmursa, dəstəkləmirsə, oyunçuları saymırsa, belə məşqçidən nə gözləyəsən?! Yalnız belə boş ittihamlar...
Güneyligil son olaraq qeyd edib ki, Azərbaycan yığmasında çalışmağa davam etsə, milliyə ancaq hazırlıqlı oyunçuları seçəcək, bir neçə voleybolçu üçün yığmanın qapılarını bağlayacaq və onları bir daha komandaya çağırmayacaq. Ayşən xanım, bir ölkənin milli komandasının baş məşqçisi (müqavilə başa çatsa da, məsələ açıq olaraq qalır) kollektiv haqqında niyə belə ittihamlar səsləndirsin ki?
- Cəmi bir ay yarım komandamızla işləyən, məşqçinin belə danışmasına nə deyə bilərəm ki... İllərlə voleybolumuz üçün çalışan, millimizi və klublarımızı beynəlxalq aləmdə təmsil edən, bayrağımız üçün tər tökən, Azərbaycanı yeni baş məşqçidən çox düşünən, ölkəmizin uğurları üçün çalışan, dünyanın bir çox yerli çempionatlarında çıxış edərək Azərbaycan voleybolunu tanıdan oyunçulara yığmamızın qapılarını necə bağlayacağı da maraqlıdır. Ümumiyyətlə, millimizin oyunçularına qarşı, yerli mütəxəssislərimizə qarşı, federasiyaya qarşı səsləndirilən bu ittihamlar, yəqin ki, onun özünü "sudan quru çıxartmağa" cəhddir.
Elvin ƏHƏD