"Avropa Kubokunda iştirak edən komandaların hər biri güclü idi"

"Avropa Kubokunda iştirak edən komandaların hər biri güclü idi"

Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) iştirak edən kişilərdən ibarət “Murov Az terminal” klubu Vətənə qayıdıb.

Mediasport.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Voleybol Federasiyasının nümayəndələri, idman ictimaiyyəti və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, “Murov Az Terminal” komandası çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olub.

Komandanın üzvü Vüqar Bayramov Heydər Əliyev Beynəlxalq Aeroportunda qələbə təəssüratlarını bölüşüb:

"Bu nəticə həm Azərbaycan voleybolu, həm də idman ictimaiyyəti üçün çox böyük uğurdur. Təbii ki, Avropa Kubokunda iştirak edən komandaların hər biri güclü idi. Qarşılaşmalar gərgin mübarizə şəraitində keçdi. Lakin hər şeyə rəğmən, biz qalib olmağı bacardıq. Bu münasibətlə bütün komanda yoldaşlarımı təbrik edirəm".