AÇ öncəsi 2 qələbə, 1 heçə-heçə
Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu ölkənin yığma komandası ilə üç yoldaşlıq oyununda gücünü sınayıb.
MediaSport.az xəbər verir ki, ilk matç bərabərliklə yekunlaşıb - 2:2.
Millimiz digər iki görüşdə 3:1 hesabları ilə qələbə qazanıb. Komandamızda Ataman Güneyligilin rəhbərliyi altında yeni sistem və taktikalar sınaqdan keçirilib.
Toplantıda məqsəd avqustda keçiriləcək Avropa çempionatına daha yaxşı hazırlaşmaqdır. Yığmamızın heyətinə bu voleybolçular dəvət alıblar:
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova.
Blokçular: Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.
Oyunqurucular: Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova.
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil
Köməkçi məşqçilər: Gencer Yarkın, Famil Ağayev, Emin Əbilov.
Texniki heyət üzvləri: Səbinə Babayeva, Ruslan Motorin, Yasemin Günal, Aynurə Qafarova, Natalya Litovçenko, Dinara Əjdərova, İrina Birçanskaya.
Qeyd edək ki, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamız mübarizəyə avqustun 18-də başlayacaq. Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək yığmamızın rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq. Millimiz “Avro-2023”də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçularımız bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər.
Qrup mərhələsinin üçüncü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığma avqustun 23-də baş tutacaq qrupdakı sonuncu matçında isə İsveçə rəqib olacaq. Qrupda mübarizəyə bir gün sonra yekun vurulacaq.
Qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.