"Hakimlərə də qalib gəlmək lazımdır" - Ayxan Abbasov
"Çətin oyun keçəcəyini bilirdik. Hava şəraiti də ağır futboldan söz etdirəcəkdi. Oyuna çox yaxşı başladıq. İlk altı dəqiqədə 2 real qol epizoduna girdik".
Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 19-cu turunun "Kəpəz"lə səfər matçı haqda danışıb:
"Oyuna nəzarət bizim əlimizdə idi. Amma təəssüf, oyunda fikirləşmədiyimiz situasiyalarla rastlaşırıq. Qırmızı vərəqə bütün planlarımızı alt-üst etdi. Məcbur sistemi dəyişdik. Düzgün müdafiə olunmağa, əks hücumlara çıxmağa çalışdıq. Təəssüf ki, bir sürətli hücumun qarşısını ala bilmədik".
Abbasov azarkeşləri sevindirə bilmədikləri üçün məyus olduğunu bildirib: "Üzücü məğlubiyətdir, azarkeşlərimizi sevindirmək istəyirdik. 3 və 4-cü dövrə, demək olar ki, qabaqdadır. Çox oyunlar olacaq. Bu oyunu unudub digər oyunlara hazırlaşmalıyıq".
Təcrübəli məşqçi növbəti dəfə hakimlikdən narazılığını dilə gətirib:
"Üzücü odur ki, yenə də hakimlik çox zəif idi. Təəssüf edirəm ki, 50-ci dəqiqədə yenə VAR-a çağırmadılar. Təmiz qırmızı vərəqə idi. Hətta daha iddialı deyirəm ki, Hakimlər Komitəsinin sədri ilə müzakirə edə bilərəm. Niyə VAR-a çağırılmır? Vüsal Məsimov açıq ayaq ilə bizim İsmayılı vurur. 50-ci dəqiqə idi, vəziyyət tam dəyişə bilərdi. Çox təəssüf edirəm. Çətin oyunlarda yenə səhv qərarlar gəlir. VAR kömək etməli idi. Necə ki, bizim epizodda çağırdı sarı vərəqəni qırmızıya çevirdi. Eyni epizod idi, şiddət var, sürət var, oyunçuya dəymək var. Hətta Faiqin epizodu ondan yüngül idi. Faiq ikinci rəqibə dəydi. Birinci rəqibdə topa dəydi, ikincidə sürüşdü rəqibə dəydi. Bəli, ayağına dəydi, heç kim müzakirə etmədi. Bəs buna niyə verilmir? Davam edirik. Demək ki, daha möhkəm olmalıyıq. Hakimlərə də qalib gəlmək lazımdır".
Qeyd edək ki, 4-cü dəqiqədə hesabı açan Tovuz klubu 11-ci dəqiqədə azlıqda qaldıqdan sonra 2 top buraxaraq məğlub olub.