"Əziyyətimizin bəhrəsini gördüm, rəqibim mənə heç nə edə bilmədi"
Mediasport.az "Qəbələ" İdman Klubunun kikboksçusu Alim Nəbiyevin müsahibəsini təqdim edir:
"Grand Bellagio Championship-2" turnirindəki qələbənizi necə şərh edərdiz?
- Yarış ürəyimcə keçdi. 3 raunddan ibarət döyüş keçirdim. Hər bir raundda da hakimlər üstünlüyü mənə verdilər və sonda da qalib tərəf mən oldum.
Döyüşdən yarışa xüsusi hazırlaşdığınız hiss olunurdu. Hazırlıq prosesini necə keçirdiz?
- Bu yarışda qələbə qazanmaq üçün ciddi hazırlıq prosesi keçdim. Gürcüstanda gündə 2 dəfə olmaqla 1 aylıq təlim-məşqlərimiz oldu. Çox şükür ki, əziyyətimizin bəhrəsini gördüm, rəqibim mənə heç nə edə bilmədi.
Rəqibiniz də kifayət qədər tanınmış, titullu idmançı idi.
- Bəli, rəqibim uqandalı, tanınmış döyüşçü idi. Fiziki baxımdan çox güclü olduğu üçün döyüşü daim hücumda keçirmək istəyirdi. Daha çox ayaq zərbələrinə üstünlük verirdi. Lakin aramızda boy fərqi olduğu üçün mən məsafəli döyüşə üstünlük verdim. Əks halda, məni qüvvətli zərbələrlə nokauta sala bilərdi. Nəticədə rəqibimə istədiyini etmək imkanı vermədən qələbə qazandım.
Qarşıdakı yarışlarla bağlı planlarınız nədir?
- Yaxın zamanlarda bir neçə turnirin də keçiriləcəyi gözlənilir. Onlara da dəvət almışam. Dekabrda yenə Gürcüstanda daha bir beynəlxalq turnir olacaq. Razılıq əldə olunsa, bu turnirə də qatıla bilərəm. Sonra isə kəmər döyüşünə hazırlaşmaq istəyirəm. Bu prosesi hələ tam dəqiqləşdirməmişik. Məşqçimlə qarşıdakı planlarımız barədə danışdıqdan sonra qərar verəcəyik.
Kəmər döyüşü üçün hazırlıq prosesini hansı formada keçməyi düşünürsüz? İstənilən halda, digərlərindən daha çətin yarış olacağı qaçılmazdır.
- Bəli, qarşıdakı yarışlarım üçün də hazırlığı maksimum keyfiyyətlə keçməliyəm. Bu prosesi keçməkdə mənə dəstək olan, şərait yaradan, 10 ildir bir yerdə çalışdığımız "Qəbələ" İdman Klubuna, onun rəhbərliyinə təşəkkürümü bildirirəm. Məşqlərimə Gürcüstanda başlamağı düşünürəm. İkinci mərhələni isə, yəqin ki, Niderlandda davam etdirəcəm. Daha sonra isə artıq ölkəyə qayıdıb döyüşə çıxmağı planlaşdırıram.