"Həftə ərzində həkimlərimiz xəstələrlə məşğul olurdu"
"Sumqayıt" Premyer Liqanın 14-cü turunda səfərdə "Şamaxı"ya 2:4 hesabı ilə məğlub oldu.
mediasport.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Mübariz Orucov görüş barədə təəssüratlarını bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.
- Yaxşı oynamadıq. "Şamaxı" bizdən daha yaxşı idi, layiqli qələbə qazandılar. Gələcək matçlar barədə fikirləşəcəyik.
Azarkeşlər komandadan narazılıq edir, futbolçuların istəksiz olduqlarını deyirlər.
- Aydın məsələdir ki, azarkeşlər həmişə qələbə istəyir. Biz özümüz də qalib gəlmək istəyirik. Bura qələbə üçün gəlmişdik. Təəssüf ki, alınmadı. Komandanı düzəltmək istəyirik. Artıq qələbələr olmalıdır. Bunu biz də başa düşürük.
"Şamaxı" səfərinin bu qədər çətin olacağını gözləyirdiz?
- Bəli, gözləyirdik. "Şamaxı" pis komanda deyil. Yerli gənclər və yaşlılardan təşkil olunmuş kollektiv formalaşıb. Burada hamı çətinlik çəkir. Rəqibin nəyə qadir olduğunu bilirdik.
"Neftçi"yə qarşı oyununuzla bu matç arasında niyə bu qədər fərq var idi?
- "Neftçi" ilə görüşdə biz daha istəkli idik. Bu gün isə "Şamaxı" bizdən istəkli görünürdü. "Neftçi" ilə matça 4-5 futbolçumuz xəstə halda çıxmışdılar. Həmin oyunçular hələ bərpa olmamışdılar. Murad Xaçayev ilk hissədən özünü pis hiss etdi. Bəhanə etmirik, amma oyuna təsir edir.
Əvvəl komanda qol vura bilmirdi. İndi isə qol vurur, amma müdafiədə çox bəsit səhvlər edir. Bunun səbəbi nədir?
- Diqqətsizlikdəndir, buraxılan qolların hamısında fərdi səhvlər var. Bu yöndə işləyəcəyik. Çalışırıq ki, aradan qaldıraq. Ümumiyyətlə, həm hücumda, həm müdafiədə xeyli problemlərimiz var. Bunu görürük və düzəltmək istəyirik.
Əvəzetmələr özünü doğrultmadı. Siz necə düşünürsüz?
- Razıyam. Düzdü, topa nəzarət biz tərəfə keçdi, amma təhlükəli vəziyyətlər yarada bilmədik. Çavi hələ də tam hazır deyil. Zədəli oyunçularımız bərpa dövrünü tam keçməyiblər. Admir bir az ağır hücumçudur, oyuna sürət qata bilmədi.
Todor Todoroski Şimali Makedoniya millisinin üzvüdür, Damian Daniçiç Serbiya U-21 yığmasında oynayır, Çavi Portuqaliya ikinci liqasında oynayıb. Vüqar Mustafayev, Elvin Bədəlov kimi milli üzvləri komandada var. Bu komanda gənclərdən qurulmuş "Şamaxı"ya uduzur. Səbəb nədir?
- Məşqçilik günah yoxdur. Deyə bilmərik ki, Aleksey Baqa və Samir Abasovluq nəsə var. Pasportlar önəm daşımır. Əsas idmançının xarakteri lazımdır. Xaricidir deyə "Şamaxı"nın gənclərindən yaxşıdır deyə bilmərik. Xarakteri bu gün rəqib bizdən daha yaxşı göstərdi.
Səbuhi Abdullazadənin oyununda ölən enişin səbəbi nədir?
- Xəstədir. Oyundan bir gün əvvəl ona istirahət verdik. "Neftçi" ilə matça da xəstə halda çıxmışdı. Bu həftə ərzində həkimlərimiz xəstələrlə məşğul olurdu, sistem vururdular.
Əvezetmələri 4-cü qoldan sonra etməyinizin səbəbi nə idi?
- İndiki durumda oyuna güc qatacaq çox futbolçumuz yoxdur. Fikrimizdə müəyyən dəyişikliklər var idi.
Elşən Abdullayev, Xəzər Mahmudov, Süleyman Əhmədov kimi futbolçular heyətə düşmür. Onları komandada saxlamağın nə mənası var?
- Hələ kimisə silmək tezdir. Futbolçuların potensiallarını bilirik, buna görə meydana buraxırıq. Oyunçuların hamısından istifadə etmək olmur.