Heydər Əliyevin yubileyinə həsr olunan minifutbol turniri başlanıb

Heydər Əliyevin yubileyinə həsr olunan minifutbol turniri başlanıb

Bakı Tennis Akademiyasının futbol meydançasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin açılış mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib. Dövlət Himni oxunduqdan sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov turnirdə iştirak edənlərə uğurlar arzu edib.

AFFA-nın baş katibi Sərxan Hacıyev isə keçən il olduğu kimi bu il də komandaların yaxşı oyun nümayiş etdirəcəyinə inandığını bildirib.

Gənclər və idman naziri Fərid Qayıbov isə dövlət qurumlarının xahişi ilə yarışın bu il də təşkil olunduğunu söyləyib. Nazir yüksək səviyyəli futbolun şahidi olacağına inandığını da vurğulayıb.

Daha sonra aerobika gimnastları müxtəlif şoular təqdim ediblər.

Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçiriləcək yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparacaq.

2024-cü il mayın 6-dək davam edəcək oyunlar şənbə və bazar günləri keçiriləcək.