Kenni Sayef: "Qarabağ"la aramızdakı xal fərqini düşünmürük" - MÜSAHİBƏ
"Neftçi"nin amerikalı legioneri Kenni Sayef Premyer Liqanın 14-cü turunun "Qəbələ" ilə görüşündən (2:0) sonra mediasport.az saytına müsahibə verib.
“Qəbələ” ilə oyun haqqında nə deyə bilərsiz?
- Əsas odur ki, qalib gəldik. Bu dəqiqə vacib məsələ budur. Yaxşı oynadığımızı düşünürəm. Biz ilk “üçlük”də möhkəmlənməliyik. Vurduğum qol da yaxşı alındı. Onsuz da daim cəhd edirəm, zərbələr vururam. Qolla nəticələni də olur, təhlükəli zərbə kimi qeydə alınanı da.
Nəyə görə komandanın nəticələri stabil deyil?
- Heyətimiz yenidi, yayda komandaya cəlb olunan oyunçular çoxdur. Çalışırıq, işləyirik ki, sabit olaq. Zamana ehtiyacımız var. Baş məşqçimiz də bu haqda danışır. Bilirsiz, zaman çox vacib məsələdir. Getdikcə daha yaxşı olacağıq.
Lider “Qarabağ”la aranızda xal fərqi böyükdür, bu haqda nə düşünürsən?
- Biz onlarla aramızdakı xal fərqi haqda düşünmürük. Çünki bizim indi inkişaf etməyə ehtiyacımız var. Diqqətimizi öz işimizə yönəltmişik, digər komandalara baxmırıq.
“Neftçi”yə gəlməkdə əsas məqsədin nədən ibarət idi?
- Komandaya kömək olmaq məqsədilə gəlmişəm. Məqsədim daim qol vurmaq, komandaya uğurlu nəticələr üçün köməklik göstərməkdi. “Neftçi” üçün nəsə etməyə çox çalışıram. Özüm də daim işləyirəm, çalışıram. Daha yaxşı olacağına inanıram.
Tez-tez tənqid edilirsən. Bunun sənə psixoloji təsiri olur?
- Düzünü desəm, deyilənlər mənə psioxoloji təsir etmir. Mən deyilənlərlə razılaşa bilmərəm. Daim işləyirəm, bu da inkişafda rol oynayır. Özümüz haqda düşünməliyik. Meydana çıxanda komanda üçün ən yaxşısını etməyə çalışıram. Komanda irəliləyəndə futbolçular üçün də yaxşı olacaq.
Qətərdə Dünya çempionatı start götürəcək. Həmin turnirdə sənin də vaxtı ilə formasını geyindiyin ABŞ millisi mübarizə aparacaq. Yığmanın şanslarını necə dəyərləndirirsən?
- Dünya çempionatında çox güclü komandalar var. Əlbəttə ki, ABŞ millisində də güclü futbolçular toplaşıb. Komandamıza inanıram. Özüm də orada olmaq, oynamaq istəyərdim. Lakin illər əvvəl millinin heyətində zədələnmişdim. Yığmamızın Dünya çempionatında yaxşı nəticə qazanacağına inanıram.
ABŞ millisinə geri dönmək realdı?
- MLS-də çox yaxşı futbolçular oynayır, dinamikası yüksək liqadır. Çox güclü futbolçular oynayır. Təbii ki, yenidən ABŞ millisinə geri dönəcəyimə ümid edirəm.
Elvin