Qurban Qurbanov yubiley matçına çıxıb, mütləq rekordçu olub

Qurban Qurbanov yubiley matçına çıxıb, mütləq rekordçu olub

"Qarabağ" Azərbaycan Premyer Liqasının 18-ci turunda "Zirə"nin qonağı olub (1:0).

Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisi ilə baş tutan görüş "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Belə ki, təcrübəli mütəxəssis Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib.

51 yaşlı Qurbanov karyerası ərzində iki kluba - "Neftçi" və "Qarabağ"a rəhbərlik edir. Q.Qurbanovun kollektivləri 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar.

O, Premyer Liqadakı oyun sayında mütləq rekordçudur. İkinci sırada olan Qəhrəman Əliyevin hesabında 381 matç var.

Xatırladaq ki, mütəxəssisin debütü 2006/2007 mövsümündə gerçəkləşib. 2006-cı il avqustun 6-da Qurbanovun baş məşqçisi olduğu "Neftçi" "Gənclərbirliyi"ni məğlub edib (6:1).