Naxçıvanlı cüdoçular Türkiyədə 2 qızıl və 4 gümüş medal qazandılar
"XX Uluslararası Karadeniz Judo Şampiyonası"nda azərbaycanlı cüdoçular da iştirak ediblər.
Mediasport.az xəbər verir ki, Türkiyədəki beynəlxalq turnirdə Naxçıvan cüdoçuları 2 qızıl, 4 gümüş medal qazanıblar.
Ziya Əsədli (26 kq) və Bilal Quliyev (30 kq) 13 yaşadək cüdoçular arasında öz çəkilərində birinci olublar. Ayaz Əliyevlə (30 kq) Pərvin İsmayılov (34 kq) həmin yaş kateqoriyasında gümüş medal qazanıblar.
15 yaşadək cüdoçular arasında çıxış edən digər iki idmançımız - Mətin Salahov və Sərxan Allahverdiyev də yarışı ikinci pillədə bitiriblər.
Avqustun 30-dan sentyabrın 1-dək davam edən yarışda ev sahibi Türkiyə ilə yanaşı, Azərbaycan və Gürcüstandan ümumilikdə 700-dən çox idmançı qatılıb. Komandamız ümumi sıralamada üçüncü olub.