"Neftçi"də titullar qazanmaq və bombardir olmaq istəyirəm"
"Tanımadığım komanda yoldaşlarım məni xoş qarşıladı. Xüsusilə, Latın Amerikasından olan futbolçular komanda haqda yaxşı sözlər dedilər".
Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Brayan Moreno klubun televiziyasına açıqlamasında deyib.
23 yaşlı kolumbiyalı forvard Bakıda xoş qarşılandığını bildirib: Baş məşqçi ilə də görüşümüz oldu və ümid edirəm ki, qısa zamanda komandaya uyğunlaşacam. "Neftçi"dən təklif alanda həm klub, həm də Bakı haqda məlumat toplamağa başladım. Şəkillərdən gördüyüm kimi, Bakı böyük və gözəl şəhərdir. İlk fürsətdə şəhərlə tanış olacam".
Cənubi amerikalı qarşısına qoyduğu hədəfdən söz açıb, azarkeşlərə müraciət edib: "Neftçi"də əsas məqsədlərimdən biri titullar qazanmaq və çempionatın bombardiri olmaqdır. Azarkeşlərə demək istəyirəm ki, hər zaman stadiona gəlib, bizə dəstək olsunlar. Onlar 12-ci oyunçudur, bizə hər zaman dəstək verməyə davam etsinlər. İrəli, "Neftçi"!
"Neftçi" Moreno ilə 1,5 illik müqavilə imzalayıb.