"Qarabağ"ın transfer etmək istədiyi "Sabah"lı Zubirdən nə soruşub?
"Sabah"ın mərakeşli futbolçusu Sofian Çakla “CBC Sport”da yayımlanan “Legioner” verilişində qonaq olub.
Mediasport.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi Azərbaycana gəlişindən söz açıb.
Mərakeş millisindən dəvət gözlədiyini bildirən Çakla 2 il əvvəl "Qarabağ"dan təklif aldığını deməsilə diqqət çəkib. O, əvvəlcə komandasının hazırkı durumu barədə danışıb:
"Hazırda bütün diqqətimi “Sabah”a yönəltmişəm. Düzdür, mövsümə uğursuz başlamışıq, amma inanıram ki, hər şey yaxşı olacaq. Azərbaycan çempionatı çox çətindir. Fiziki hazırlığa çox üstünlük verilir. Meydanda hər şeyini qoymasan, qələbə qazanmaq mümkün deyil. Məqsədimizə gəlincə, hər şey uğrunda vuruşacağıq. Xəyaldır, amma onları həyata keçirmək üçün çalışmalısan. Avrokuboklarda ən böyük çatışmazlığımız təcrübəsizliyimiz idi. Bir oyunda qalib gəlmisənsə, keçmişdə qaldı. Bu nəticə bizə böyük dərs oldu".
O, yığma komanda haqqında bunları deyib: "Əlbəttə, indi əsas fikrimi klubuma yönəltsəm də, Mərakeş mənim vətənimdir, dəvət olsa, hər zaman oynamağa hazıram".
Təcrübəli futbolçu "Qarabağ"ın iki əvvəl onu transfer etmək istədiyini belə xatırlayıb: "2 il əvvəl mənə “Qarabağ”dan təklif gəlmişdi. Həmin illər Belçika və İspaniyada oynadığım üçün bu təklifi qəbul etməmişdim. Onda Abdullah Zubirdən məlumat öyrənmişdim. Şəhər və futbolun inkişafı haqda söhbət etmişdik, Bakıya gələndə az da olsa, məlumatım var idi”.