Rəşad Sadıqovun PROBLEMİ: "Seleksiyamızda ciddi sıxıntı var"
Azərbaycan Premyer Liqasının 7-ci turunun "Zirə" - "Neftçi" oyununda qalib müəyyənləşməyib.
Mediasport.az xəbər verir ki, tərəflər ilk hissədə vurulan qarşılıqlı qollarla 1 xala qane olublar - 1:1.
Meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov görüş haqda danışıb və jurnalistlərin suallarına cavab verib.
- Emosional oyun oldu. Rəqib çox istəkli idi. İlk dəqiqələrdən hiss olunurdu. Oyundan qabaq futbolçularımızla rəqibi təhlil etdikdə onların böyük potensalının olduğunu, əvvəlki turlardakı uğursuzluqlarını nəzərə almayıb, matça köklənməli olduğumuzu dedik. Bu gün meydanda aqressiv və fərqli "Neftçi" var idi. Futbolçularım əzmkar mübarizə apardılar, hücumlarımız da oldu. Bəzi epizodlarda dəqiqlik çatmadı. Son dəqiqədə rəqibə qol imkanı verdik, Tyaqo Silva yaxşı çıxış etdi. Maraqlı, gərgin oyunun şahidi olduq. Əzmkarlıq göstərib vacib bir xal qazandıq.
Evdə heç-heçə etdiz - nəticədən razısız?
- "Neftçi" ilə oynayırdıq. 6 oyunun 5-də qələbə qazananda istər "Neftçi", istər digər komandalar motivasiyalı olur və diqqətli hazırlaşırlar. Hesabda geri düşmüşdük, amma bərabərləşdirdik. Azər Əliyev hücuma çox qoşulurdu. Bugünkü "Neftçi"ni nəzərə alsaq, bir xal qazandıq.
Mutu hakim səhvlərini qeyd etdi, xüsusən penaltinin olmamasını dedi.
- Mənə penalti kimi gəldi. Dinamik şəkildə görmədik epizodu. Matias oyunçumuzun ayağından basırdı. Bizə qarşı belə epizodlarda hətta qırmızı vərəqə də olub.
Şerif Suma bu gün özünə bənzəmirdi. Çempionat uzundur, sizcə, komandaya yeni transferlər lazımdır?
- Komandada çox mövqe güclənməlidir. Paxtman zədələnir, əvəzinə İlkini buraxırıqsa, demək ki, seleksiyamızda ciddi sıxıntı var. Filip çox yaxşı çıxış etdi. Sadəcə, onu əvəzləməyə adam yox idi. Heyətin genişliyi ilə bağlı problemimiz var. Mütləq şəkildə heyətimiz genişlənməlidir. Suma isinmə hərəkətləri zamanı xoşuma gəlmədi. Köməkçilərimə dedim ki, oyunu yaxşı alınmayacaq. Halbuki həftəboyu yaxşı məşq etdi. Amma oyuna özünü düzgün kökləməmişdi.
"Qarabağ"dan Qaspar Panaderonu transfer etmək istəmisiz...
- Xeyr. Transfer pəncərəsi də bağlanıb, icarəyə kimisə götürə bilmərik. İstədiyimiz oyunçular var idi, hətta Boqomolski üçün də "Neftçi"yə müraciət etmişdik. Sadəcə, onlar gec hücumçu aldılar. Bəlkə erkən olsaydı, onu götürərdik. Yenə də baxırıq. Bilmirəm, bu vaxta yaxşı futbolçu qalar, ya qalmaz. Açıq-aşkar görünür ki, seleksiyamızı tamamlaya bilməmişik. Müəyyən keyfiyyətləri ilə futbolçularım bunu sığortalayıb, nəticəyə yansıdırlar. Çalışacağıq ki, qışa qədər seleksiyanın problemləri nəticəyə təsir etməsin.
İssa Cibrilanı son anda dəyişmək istəmədiz, səbəb nə idi?
- Bəli, son anda dəyişdim fikrimi. İsmayıl ayağının ağrıdığını göstərdi. Zədədən yeni qayıtsalar da, 90 dəqiqə meydanda saxladıq. Bu, düz deyil, amma etdik. İsmayılı dəyişdik, risk etmək istəmədik. İssanı buraxaraq, əks-hücumlarda effektli olmağa çalışdıq. Lakin İsmayıl əvəzetmə istəyirdi deyə, dəyişdik onu.