"Neftçi"dən əzmkarlıq sayəsində xal aldıq" - Ayxan Abbasov

"Neftçi"dən əzmkarlıq sayəsində xal aldıq" - Ayxan Abbasov

Premyer Liqanın 9-cu turunun “Neftçi”- “Turan Tovuz” matçından sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib.

MediaSport.az xəbər verir ki, mütəxəssis 0:0 başa çatan görüşü şərh edib:

"Səfərdə "Neftçi" ilə oynamaq çətindi. Amma belə oyunlar bizim üçün vacibdi. İnkişaf etməkdən ötrü bu cür rəqiblərlə qarşılaşmalıyıq. Əzmkarlıq sayəsində xal qazandıq. Bilirdik ki, "Neftçi" "Qarabağ"a uduzub deyə, bu oyunda qalib gəlmək istəyəcək. Əks-hücumlarda yaxşı epizodlara girdik. Soyuqqanlı olsaydıq, epizodlardan istifadə edə bilərdik. Bizim üçün hər xal önəmlidi. Çempionat daha da gərginləşir. İkinci dövrə daha da mübariz olacaq. Futbolçulara dedim ki, işə davam.

Heyətdəki dəyişikliklər nə ilə bağlı idi?

- Böyük itkilərlə oyuna çıxmışdıq. Runi iki oyun idi ki, zədə ilə oynayırdı. Amma hiss etdik ki, bu, ona gələcəkdə daha pis təsir edər. Ona görə ona istirahət verdik. Şakir Seyidovun qırmızı vərəqəsi var idi. Bu rotasiyalar normaldı. Bu ay 5 oyun oynayacağıq. Hər bir futbolçunu kluba dəvət edəndə, onlara şans verəcəyimizi bildirmişdik. Bu gün də bir neçə futbolçuya şans verdik. Məncə, uğurlu çıxış etdilər. Komandada rəqabət olmalıdı. Heyət geniş deyil, amma çalışırıq ki, rəqabət olsun.

"Bakcell Arena"da Ayxan Abbasov müxtəlif klublarda olsa da, uğurlu çıxış edir. Bunun resepti nədir?

- "Zirə"də, "Sumqayıt"da işləyəndə də, bu cür suallar verilirdi. Özüm də bilmirəm(gülür).

Ehtiram Şahverdiyevin zədəsi nə yerdədi?

- Başından zərbə aldı. Həkimlər bildirdi ki, onun meydandan qalması risklidi. MRT olunduqdan sonra vəziyyəti bilinəcək. Ümid edirik ki, ciddi zədə olmaz.