"Çox çalışmaq lazımdır, komanda olaraq səhvlərimizi görürük"
“Ardıcıl iki oyundakı uğursuzluğa “Neftçi” önündə son qoymaq istəyirik. Çempionatdakı fasilədən maksimum faydalanmağa çalışırıq”.
Mediasport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo “Neftçi”yə qarşı keçiriləcək Premyer Liqanın XIV turunun oyunu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Braziliyalı yarımmüdafiəçi əvvəlki turlarda “Sumqayıt” və “Kəpəz”ə məğlubiyyətlərin xüsusi qabardılmasını düzgün hesab etmir: “Futbolda qalib gəldiyin kimi, məğlub da olursan. Yaxşı oynayanda üstünlük səndə olur, pis çıxış edəndə əksi baş verir. Razıyam, son iki oyunda imkanımızdan zəif təsir bağışladıq. Futboldur, bu da olur. Qələbəni heç kim bizdən çox istəyə bilməz. Səbirli olmaq, çox çalışmaq lazımdır. Komanda olaraq səhvlərimizi görürük. Təbii ki, addım-addım onları aradan qaldıracağıq”.
“Neftçi” barədə də fikir bildirən 29 yaşlı dayaq yarımmüdafiəçisi rəqibləri adlarına və ya titullarına görə bölmək istəməyib: “Başa düşürəm, “Neftçi” iddialı, köklü klubdur. Ancaq biz öz işimizi yaxşı görməyə çalışmalıyıq. Buna nail olsaq, məqsədimizə çatacağıq. Yəni kimlə qarşılaşmağımız yox, oyuna necə hazırlaşmağımız, hazır olmağımız önəmlidir. Meydanda ən yaxşısını etməli, intizamlı və yaxşı konsentrasiya olmalıyıq”.
Vanderson Melo zədəsi ilə bağlı duruma da aydınlıq gətirib. O, meydana çıxmaq üçün heç bir problemin qalmadığını, baş məşqçinin qərarını gözləyəcəyini bildirib.
Qeyd edək ki, noyabrın 26-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyunu saat 15:30-da başlayacaq.