"Qarabağ" forvardı yola saldı, braziliyalı ilə anlaşmanı yenilədi
“Qarabağ” futbolçusu Adama Diakabi ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), ölkə kubokunda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.
Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.
Ağdam təmsilçisi Riçard Almeyda iləsə müqaviləni yeniləyib. 35 yaşlı yarımmüdafiəçi ilə anlaşma bir il müddətinə uzadılıb.
Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan millisinin sabiq üzvü "köhlən atlılar"ın heyətində 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub.
Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.