"Qələbə qazanmaq istəyirik"
"Şansımızın olub-olmamasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik".
Mediasport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov səfərdə Niderlanda qarşı keçirəcəkləri DÇ-2024-ün elit mərhələsinin oyunundan əvvəl federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis uzun yol qət etdiklərini bildirib: "Buna baxmayaraq, yorğunluq fonunda ilk məşqimizi reallaşdırdıq. Futzalçılar çalışdılar ki, verilən tapşırıqları yerinə yetirsinlər. Rumıniya ilə matçla müqayisədə heyətimizdə iki dəyişiklik var. Amadeu zədə səbəbindən bizə kömək edə bilməyəcək. Onu Eduardo Borges əvəzləyəcək. Edu 3 gün əvvəlki matçı cəzalı olduğuna görə buraxmaq məcburiyyətində qalmışdı".
Borisov qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: "Rəqibi təhlil etmişik. Futzalçılara da müəyyən tapşırıqlar veriləcək. Rəqibin standart vəziyyətlər zamanı, eləcə də “5-in” “4-ə” oynayarkən hansı üstünlüklərə malik olacaqlarını və bizim nələr etməli olduğumuzu deyəcəyəm".
Qeyd edək ki, dekabrın 20-də reallaşacaq Niderland - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Azərbaycan millisi qələbə qazansa da, növbəti mərhələyə yüksəlmək şansı digər oyunlarda qeydə alınacaq nəticələrdən asılıdır.