Klub rəhbəri idman jurnalistlərini Baş Prokurorluğa şikayət etdi
Azərbaycan futbolunda xoşagəlməz hadisə yaşanıb.
"Sumqayıt" futbol klubunun prezidenti Riad Rəfiyev idman jurnalistlərindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət edib.
"Matc.az" və "Sports.az" saytlarında şərəf və ləyaqətinin alçaldığını iddia edən klub rəhbəri Ali quruma adıçəkilən mətbuat orqanlarının baş redaktorları - İxtiyar Əsgərov və Anar Şabanoğludan şikayətçi olub.
Jurnalistlər bu barədə sosial şəbəkə hesablarında paylaşım ediblər.
Riad Rəfiyevin tələbi saytlarda barəsində yayımlanan yazıların silinməsi, təkzib verilməsi və üzr istənilməsidir.
Prokurorluğa dəvət edilən baş redaktorlara xəbərdarlıq edilərək 20 sutkaya qədər həbs oluna biləcəkləri bildirilib.
Mediasport.az saytı olaraq, "Sumqayıt" futbol klubunun rəhbərinin idman jurnalistlərinə qarşı atdığı addımı pisləyir və bu hərəkətin ona və kluba başucalığı gətirməyəcəyini bəyan edirik.
Mətbuat Azərbaycanda dördüncü hakimiyyət sayılır və başda cənab prezident İlham Əliyev olmaqla, dövlət hər zaman kütləvi informasiya vasitələri nümayəndələrinə dəstəyini göstərir.
Ortada bir anlaşılmazlıq varsa, istənilən halda şəxsi müstəvidə həll edilə biləcək elementar məsələnin, xırda problemin məhkəmə və ya prokurorluq predmeti olmadığını xatırlatmaq istəyirik.
Azərbaycanın hüquq-mühafizə orqanlarını indiki zamanda belə mənasız məsələlərlə məşğul etmək, bütün dünyanın diqqətinin Azərbaycanda olduğu bir vaxtda jurnalistlərə qarşı bu cür addım atmaq yolverilməzdir.