Ardıcıl 3 turdu məğlub olan baş məşqçi: "Dünyanın sonu deyil"

Ardıcıl 3 turdu məğlub olan baş məşqçi: "Dünyanın sonu deyil"

"Səbail" Premyer Liqanın 14-cü turu çərçivəsində səfərdə "Zirə"yə məğlub olmaqla ardıcıl 3-cü dəfə uduzdu - 0:1.

mediasport.az xəbər verir ki, Bayıl klubunun baş məşqçisi Mahmud Qurbanov oyun haqda danışıb, jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyuna yaxşı başlamadıq. Elə görünürdü ki, sanki müdafiə olunmaq istəyirdik. Komanda qol buraxdıqdan sonra nəsə etməyə çalışdı. Niyə belə oynadığımızın səbəbini araşdıracağıq. Daha yaxşısına ümid edirdik, alınmadı. Qarşıda oyunlar var. Çalışacağıq ki, belə problemlər olmasın. Hücumda aktiv ola bilmirik. Ağabala Ramazanovla Ruslan Hacıyevin yoxluğu özünü göstərir. Onlar zədələnəndən sonra hücumda kəsərli deyilik. Bu futbolçular sağalandan sonra nəticələrin yaxşılaşacağını düşünürəm.


Ardıcıl üçüncü məğlubiyyət və qarşıda sizi "Neftçi" ilə oyun gözləyir. Gedişat sizi hara aparır?

- Dünyanın sonu deyil. Qarşıda oyunlarımız var. Çalışacağıq ki, nəticələri yaxşılaşdıraq. Kəsərli hücumçu və vingerlərə ehtiyacımız var. Zədəlilər qayıtsın, sonra nəticələrə baxarıq. Bizim üçün kiminlə oynayacağımız fərq etmir. "Neftçi" ilə görüşə də qələbə üçün çıxacağıq. Bu gün yaxşı çıxış etmədik. 


Heyətdə olan legionerlərin yerli oyunçulardan səviyyəcə aşağı olduğunu düşünmürsüz?

- Legionerlərin hamısını deməzdim. Biz düşünürdük ki, adaptasiya tez olar. Bəzi legionerlərin zəif çıxışından narazıyıq. Amma bu dəqiqə heç nəyi dəyişə bilmərik. Bu oyunçulardan istifadə etməyə məcburuq. 


Hakim idarəçiliyi ilə bağlı fikirləriniz necədir?

- Nə isə var ki, narazılıq bildirmişik. Hər iki komandanın məşqçiləri narazılıq edirsə, deməli nələrsə yerində deyil. 


Mövsümün ən intizamsız komandası kimi tanınırsız. Bununla bağlı hansı tədbirlər görürsüz?

- İntizamsızlıq deməzdim. İstədiyimiz odur ki, aqressiv oynayaq. Hərdən bəzi futbolçularımız bunu ayırd edə bilmir. Durduğumuz yerdə qırmızı vərəqələr almışıq. Heç nədən komandanı pis vəziyyətdə qoyanların cəzaları olub. Gələcəkdə də olacaq. 


Mahmud Qurbanov istefa haqda düşünür?

- Düşünmürəm. Ağlımdan da keçirmirəm.


Məğlubiyyətin səbəbi nədir?

- Öz səhvimizdən oldu. Keyta, Rəhim Sadıxov səviyyəli futbolçulardır. Onların ustalığı sayəsində qol vurdular. 


Rahid Əmirquliyevin meydana daxil olmağı əvvəldən planda var idi?

- Oyunun gedişatına görə dəyişikliklər edilir. 


Qoldan əvvəl Elmir Tağıyev zədələnmişdi. Həmin epizodda rəqib topu meydandan çıxarmaq istəmirdi. Bunu necə şərh edirsiz?

- Elmirdə simulyasiya yoxdur. Onun dizində problemlər var. Neçə vaxtdır məcburən oynadırıq. Meydana həmişə dizi bağlı halda çıxır. Görünür, ağrısı daha bərk idi. 


Beyninizdə xilas planı var?

- Oyunçu seçimi, əsasən də legioner seçimi lotereya kimi bir şeydir. Videoya baxıb dəvət edirik. Qışa kimi bu heyətlə oynamalıyıq. Qışda dəvət edəcəyimiz futbolçular var. Qışdan sonra komandamızın daha yaxşı olacağını hesablamışıq. 


Gündəmdə qapıçı transferi var?

- Qapıçılarımıza inanırıq. Hər ikisi yaxşıdır. Planda belə bir şey yoxdur.