Qurban Qurbanov: "Ramil Şeydayev məni aldatdı, birinci və axırıncı dəfə oldu"
"Vacib qalibiyyət əldə edildi. Gərgin oyun alındı. Futbolçularda yorğunluq çox hiss olunurdu. Ancaq istənilən halda sona kimi ayaq üstdə dura bildilər, çalışdılar ki, qələbə olsun. Şükürlər olsun ki, qələbə qazandıq. Tərlan Əhmədov çox maraqlı komanda formalaşdırıb. Heç bir rəqibdən çəkinmir, oynayır, öz oyun üslubu var. Yaxşı, çox sürətli əks-hücumlara çıxırdılar. Tərlan Əhmədova uğurlar arzulayıb, öz futbolçularımı da təbrik edirəm".
mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Premyer Liqanın 13-cü turunun "Kəpəz"lə (3:1) matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Tərlan Əhmədov mətbuat konfransında üsyan edirdi. Əsasən də hakimlərin qərarları barədə danışdı. Hakim idarəçiliyi ilə bağlı sizin mövqeyiniz necədi?
- Mən heç avrokuboklardakı oyunlarda belə, hakimlik barədə münasibətimi bildirmirəm. Qaldı ki, öz hakimlərimiz barədə. Məncə, mənə aid olan məsələ deyil. Hakimlər haqda nadir hallarda fikir bildirmişəm, çox da etiraz etməmişəm. Başqa sual verərdiniz.
Musa penalti zamanı topu nöqtəyə qoyub yaxınlaşarkən nə düşündüz?
- Düşünəcək bir şey yox idi. Bombardirlik yarışında həmişə intizamdan kənara çıxmamışam. Dəfələrlə olub ki, hansısa oyunçumuz penalti vurmaq istəyib, amma əvvəlcədən kimin yerinə yetirəcəyini demişiksə, həmin adam yerinə yetirib. Bunu hamı bilir. Bu epizodda Ramil Şeydayev məni aldatdı. Oturduğu yerdən "Musa, Musa" dedi. Musa həmin penaltini dəqiq yerinə yetirsəydi də, öz qərarımdan narazı qalacaqdım. Çünki intizamdan bir az kənara çıxdıq. Məncə, birinci və axırıncı dəfə oldu. İntizam qaydalarından kənara çıxmaq olmaz. Hətta son oyunda olsa belə, penaltini kimin vuracağı öncədən qeyd olunubsa, o da vuracaq.
Nəriman Axundzadənin potensialını necə görürsüz?
- Yaxşı. Bəzən insan yaş olaraq cavandı, bəzən də cavan olsa da, təcrübəlidi. Nəriman təcrübəli olaraq çox gəncdi. Onu mövsümün əvvəlində komandaya cəlb etmişik. Musa, Elvin, Toral, İsmayıl 15-16 yaşından komandanın içindəydi. Ola bilər ki, onlar üçün ona görə daha rahat idi. Amma Nəriman üçün az müddətdi, buna rəğmən, özünü çox yaxşı tərəfdən göstərir. İmkan olduqca oynamasına şərait yaradacağıq. Yaxşı olarsa, yenə də çəkinmədən meydana buraxacağıq. Mən onun yaşına yox, təcrübəsinə önəm verirəm. Get-gedə potensialını daha da yaxşılaşdıracaq.
Sıx qrafik olduğuna görə futbolçularınıza istirahət verirsiz. Siz özünüz necə istirahət edirsiz?
- Mən sizlərləyəm. Hər zaman önünüzdə oluram, istirahətimə vaxt olmur. Əsas odur ki, futbolçularım istirahət etsin, biz birtəhər yoluna qoyarıq. Əlbəttə ki, yorğunluq, gərginlik yaranır. Məşqçi yorğunluğu tam başqadı. Bəzən çox müsahibələr oxuyuruq. Amma mənim üçün xoşdu. Təki, bu cür yorğunluq olsun, işimiz daha da yaxşıya doğru getsin. Komanda yaxşı olanda, yaxşı qalib gələndə, azarkeş və sizlər razı qalanda, istirahətim ondan olur. Həqiqətən bundan özümə enerji toplayıram.
Nant səfəri, ardınca "Frayburq"a qarşı görüş, bugünkü matç, üç gündən sonra da Tovuz səfəri, ardınca isə "Sabah"la çox maraqla gözlənilən oyun - Yorğunluq "Sabah"la matçda sizə problem yaratmayacaq?
- Çox istəyərdim ki, bu cür oyunlarda hər iki komanda özünün pik formasında olsun. Azarkeşlər üçün baxımlı matç keçsin. Komandada yorğunluq hiss olunur. İstirahətə vaxt yoxdu. Hazırda ən gərgin və vacib qrafikdəyik. Oyunlarla yanaşı, səfərlər bizi daha çox yorur. Tovuz səfəri heç də asan deyil. Dözməliyik. Futbolçular bunu qəbul etməlidi. İstənilən halda biz öz tələblərimizdən, istəklərimizdən əl çəkməyəcəyik. Narahatçılığım var, amma çalışacağıq ki, doğru qərar verək. Futbolçular hər oyun meydanda daha aktiv olsunlar, özlərini daha yaxşı hiss etsinlər. Meydanda bu gün yorğun komanda gördüm. Hətta meydana sonradan çıxan futbolçular var ki, üç gün keçməyib, artıq ikinci oyuna çıxırlar. Fiziki baxımdan bunu bərpa etmək asan deyil. Hər zaman meydana qələbə üçün çıxıb baxımlı futbol oynamaq istəyirik. "Sabah"a gəlincə, ona qədər "Turan Tovuz"a qarşı oyunumuz var. Həmin oyun barədə düşünürük.
Müsahibələri oxuduğunuzu dediz - "Qarabağ"la bağlı xəbərləri, yazıları özünüz oxuyursuz, yoxsa mətbuat katibi məlumat verir?
- Gündüz Abbaszadə məndən daha çox izləyir. Amma mən özüm də baxıram. Nəyə görə izləyirəm? Həm hörmət əlaməti olaraq. Çünki sizlər yazırsızsa, biz ona diqqət ayırmalıyıq. Həm də sabah kimsə hansısa məsələ haqda soruşanda mən özüm də xəbərdar olum. Gündüz də oxuyur, bəzi məlumatları verir. Amma özüm də maraqlanıram. Hər birinizi oxuyuram, gözdən qaça bilməzsiniz (gülür).