Ayxan Abbasov: "Qarşımıza başqa məqsəd qoymuşuq" - MÜSAHİBƏ

Ayxan Abbasov: "Qarşımıza başqa məqsəd qoymuşuq" - MÜSAHİBƏ

"Turan Tovuz" yoxlama matçında "Araz Naxçıvan"ı 5:1 hesabı ilə məğlub edib.

MediaSport.az xəbər verir ki, Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Hər 45 dəqiqə fərqli heyət oldu. Bizə hərəkətlilik lazım idi. Oyunun tempi vacib idi. Yeni oyunçularımız var, onların adaptasiya prossesi gedir. Ümumilikdə razı qaldıq, əsas odur ki, meydanda futbolçulardan istədiyimizi aldıq. Bakı toplanışı bitdi, sabah Türkiyəyə yollanırıq. Hazırlığın ikinci mərhələsi orada olacaq.

Futbolçuların performansından razısız?

- Düzdür, yoxlama oyunlarında nəticə vacib deyil. Amma bu gün futbolçuların qol vurması, özlərinə inamı bizim üçün önəmlidir. Qol olanda oyunçular da sevinir, biz də sevinirik.

Yeni transferlər haqda düşüncələriniz necədir?

- Onlara vaxt lazımdır. Yavaş-yavaş uyğunlaşacaqlar. Ümidimiz böyükdür. 

Deyilənə görə, komandaya əlavə sponsor da axtarılır. Bu haqda nə deyə bilərsiz?

- Əlavə nəsə deyə bilmərəm, təsdiqlənmiş büdcəmiz var. "Huner Group"un gəlişi komandamızın inkişafına böyük təkan verdi. Tək əsas komanda yox, akademiya, stadionun infrastrukturu, bütün bunlar "Huner Group"un dəstəyi sayəsindədir. Belə insanların, sponsorların futbola gəlməsi alqışalayiqdir.

Bir həftə əvvəl demişdiz ki, yarımmüdafiə xəttinə oyunçu axtarırsız. Bu istiqamətdə yenilik var?

- Axtarış davam edir. Yaxın günlərdə həll edəcəyik. Danışdığımız futbolçular var. Amma hələ tam razılaşmamışıq.

Sanki daha sürətli "Turan Tovuz" görürük.

- Tələsməyək, ilk oyundur, futbol üçün darıxmışdılar. İstədiyimiz budur. Bu tempi saxlamaq çətin olacaq. Bəzi oyunçuların keyfiyyəti komanda oyununa rəng qatacaq. Onları seçməkdə məqsədimiz bu idi. 

Fərid Nəbiyev "dirijorluq" funksiyasını pis yerinə yetirmir.

- Əlbəttə, Fərid bu gün Azərbaycanda ən potensiallı futbolçulardan biridir. Ona böyük ümid bəsləyirik. Amma üzərində çox çalışmalıdır.

Roderik Miller Kanada mətbuatına verdiyi açıqlamada bildirib ki, klubda vurduğu qollar özünəinamı qaytarıb.

- Əlbəttə. Milleri gətirəndə ona ümidimiz böyük idi. Amma karyerası ərzində bu qədər qol vurmamışdı. Bizim əsas oyunçularımızdandır.

Azarkeşlər avrokuboklara vəsiqə gözləyir. Bu, üzərinizdə təzyiq yaratmayacaq?

- Təzyiq həmişə var. Biz real baxırıq. Bu gün qarşımıza başqa məqsəd qoymuşuq. Tələssək, tez yanacağıq. Əlbəttə istəyirik ki, artıraq. Amma bu, Avroliqa demək deyil. Klub olaraq böyüməliyik.

Türkiyə toplanışında rəqiblər bəllidir?

- Bəli. "Adana Dəmirspor" və "Eyüpspor"la qarşılaşacağıq. Afrikadan da bir komanda ilə danışıq gedir. Digər rəqib isə bilinmir.

Runi Evanın gedişi komandaya təsir edəcək?

- Bu gün biz adlar haqda fikirləşmirik. Hər gedən futbolçu bizə təsir edir. Onun yerini doldurmağa çalışırıq. Gətirdiyimiz futbolçular Runidən zəif deyil.

Budaq Nəsirovun durumu necədir?

- Qaşı partlayıb.