Rəşad Sadıqov: "Qarabağ"la yaxınıq, münasibətlərimiz hamıya bəllidir"
"Zirə" Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov "Zirə"nin Ağdam klubu üzərində tarixində əldə etdiyi ilk qələbə barədə fikirlərini paylaşıb.
- Təbii ki, "Qarabağ"la ilk oyunda səfərdə qarşılaşmaq istəməzdik. Uğurlu alındı. İdeal formada deyilik. Amma oyun bizim üçün uğurlu getdi. "Qarabağ"ın heyətində dəyişikliklər var. İlk yarıda daha inamlı oynadıq. Fərqləndikdən sonra "Qarabağ" dəyişikliklər etdi və hücumlara getdi. Daha çox mübarizə aparıb əks-hücumda rəqibi gözləyirdik. Əks-hücumlarda effektli ola bilmədik. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm. Narahatlıq var idi ki, 70-ci dəqiqədən sonra çatdırmarıq. 4-5 turdan sonra ideal fiziki formada olacağıq. Amma oyunçularım xarakter göstərdilər. Təbrik edirəm onları.
Ruan Renato əla oynadı, onu transferlər arasında ən yaxşı saymaq olar. Müdafiə düzəlib, hücum xəttində çıxış edənlər tam o deyildi, bu haqda hansı fikirdəsiz?
- Toplanış zamanı 2 hücumameylli oyunçumuz zədələndi. Rəhim Sadıqov da zədələnib. Onu daha çox sol cinahda oynadacağıq. Eldar Quliyevi o mövqedə oynatdıq. Bəli, hücum xəttində oyunçuya ehtiyac var. Ruan da yaxşı oynadı. Onun liderlik keyfiyyətini görürdüm. 100 futbolçudan birində olur. Ruan məşqdə, oyunda futbolçuları motivasiya etməyi bacarır. Bu da effektini göstərir. Hücumda güclənmək istəyirik, zaman göstərəcək.
"Zirə" tarixində ilk dəfə "Qarabağ"a qalib gəldi, həm də sizin keçmiş komandanıza. Xüsusi bir hiss var?
- Karyeram, demək olar ki, "Qarabağ"da keçib. Mənə doğma komandadır. Amma xüsusi bir düşüncəm, hissim yoxdur.
Keçmiş komandanızı məğlub etdiz, məyusluq var?
- Məyusluq deməzdim. Aşırı şəkildə sevinc də yoxdur. Biz yaxınıq, münasibətlərimiz hamıya bəllidir. Amma hər zaman çalışrııq ki, ədaləti qoruyub-saxlayaq. Əvvəldən belə olub, indi də elədir, gələcəkdə də belə olacaq. Oyundan əvvəl bir-birimizə uğurlar arzulayırıq. Sonda da təbrik edirik. Axıra qədər də belə olacaq.
Çempionatın maraqlı olacağı gözlənilir. Siz necə düşünürsüz?
- Hamımız düşünürük ki, bu mövsüm bəlkə də son illərin ən gərgin liqası olacaq. İlk turlar da bunu göstərir. Məncə, hamı üçün maraqlı olacaq. İstərdim ki, prosseslər ədalətli şəkildə getsin. Hakimlərin boynuna böyük yük düşəcək. Gərginliyi yatızdırıb, oyunu ədalətli idarə etmək lazımdır. İşləri asan olmayacaq. Çox gərgin və maraqlı olacaq.